Martın 29-31-də Türkiyənin Antalya şəhərində cüdo üzrə "Böyük Dəbilqə" turniri keçiriləcək. Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, üç gün davam edəcək turnirdə 94 ölkədən 600-dən çox cüdoçu medallar uğrunda mübarizə aparacaq. Azərbaycanın cüdo üzrə milli yığma komandası yarışda 6 çəki dərəsində 9 idmançı ilə təmsil olunacaq.
Böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçi Elçin İsmayılov və məşqçi Rüstəm Alimlinin rəhbərlik etdiyi komandamızın heyətində Əhməd Yusifov (-60 kq), Ruslan Paşayev, Rəşad Yelkiyev (hər ikisi -66 kq), Rəşid Məmmədəliyev, Vüsal Qələndərzadə (-73 kq), Ömər Rəcəbli (-81 kq), Vüqar Talıbov (-90 kq), Uşanqi Kokauri, Camal Qamzatxanov (+100 kq) yer alıb.
Qeyd edək ki, yarışda Azərbaycan Cüdo Federasiyasının “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev hakim qismində ədaləti qoruyacaq.