Cüdo üzrə gənclərdən ibarət milli komandamızın üzvləri Almanıyanın Hannover şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak ediblər.
Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, gənclərdən ibarət milli yığma komandanın baş məşqçisi Elxan Məmmədov cüdoçuların qazandıqları nəticələri və təlim-məşq prosesləri ilə bağlı fikirlərini bölüşüb: “Almaniyada keçirilən Beynəlxalq Bremen Masters turniri cüdoçularımız üçün uğurla başa çatdı. 26 ölkədən 650-dən çox cüdoçunun iştirakı ilə keçirilən bu mötəbər turnirdə, cüdoçularımız əzmkar mübarizə aparaq 4 qızıl və 3 bürünc medal qazandı və oğlanlar arasında da bütün çəki dərəcələrində nəticə əldə etdilər.
Cüdoçularımızın İtaliyada, İspaniyada və Avstriyada keçiriləcək yarışlarda və təlim-məşq toplanışlarında iştirak etmələri planlaşdırılır. Hazırlıq, sentyabr və oktyabr aylarında keçiriləcək dünya və Avropa çempionatlarına seçim məqsədi daşıyır.
Bremendə və Hannoverdə keçirilən təlim-məşqlərdə Yaponiya, Braziliya və Özbəkistandan olan idmançıları da iştirak edirdi. Avropa kuboklarında mübarizədə əsasən Avropadan olan idmançılar iştirak edir. Bu səbəbdən də bu cür yarışların və təlim-məşqlərin cüdoçularımıza daha çox təcrübə qazandırmaq və taktiki və texniki hazırlıqlarını yükəltməyi baxımından böyük əhəmiyyət kəsb edir", - deyə Elxan Məmmədov bildirib.