Azərbaycanın cüdo üzrə qadınlardan ibarət milli komandasının üzvləri martın 25-dən etibarən Yaponiyada təşkil edilən cüdo təlim düşərgəsində iştirak edir.
Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, cüdoçularımız Toin, Kokuşikan, Şukutoku və Teikyo Universitetlərində təlim düşərgəsində iştirak ediblər.
Aprelin 11-nə qədər davam edəcək hazırlıq prosesinə Azərbaycanın cüdo üzrə qadınlardan ibarət milli yığma komandasının 4 üzvü qatılıb. Təlim-məşq toplanışında Aydan Vəliyeva, Gültac Məmmədəliyeva, Acelya Toprak və Leyla Əliyeva iştirak edirlər. Cüdoçulara qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov rəhbərlik edir.
Təlim-məşq toplanışı Paris 2024 Yay Olimpiya Oyunlarına və qarşıdan gələn digər beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.