Dənizkənarı Milli Parkda velosiped həvəskarları üçün yürüş keçirdi

Dənizkənarı Milli Parkda velosiped həvəskarları üçün yürüş keçirdi

 
Dekabrın 29-da Azərbaycan Velosiped Idmanı Federasiyası, Dənizkənarı Milli Park Idarəsi ilə birlikdə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Dənizkənarı Milli Parkda velosiped həvəskarları üçün yürüş keçirdi. 
Veloyürüş Bakı İdman Sarayının yanından start götürdü və saat qülləsinin yanında başa catdı. Yürüşdə müxtəlif yaş qrupuna aid olan velosiped həvəskarları iştirak etdilər. Veloyürüşün əsl bayram ab-havasında keçməsi və iştirakçıların rahatlığı üçün Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən lazım olan bütün şərait yaradılmışdı. Kiçik yaşlı uşaqlar üçün əyləncəli proqram təşkil olundu, onlara yeni il hədiyyələri verildi. Yeni ilin atributları olan şaxta baba və qar qızın tədbir iştirakçılarını təbrik etməsi, onların şən musiqi sədaları altında ikinəfərlik tandem velosipedlə finiş xəttinə gəlməsi izləyicilər tərəfindən maraqla qarşılandı. 
Veloyürüşdə köynəklərinin üzərində 2015-ci il  ilk Avropa Oyunları - "Baku-2015”in loqoları əks olunan Azərbaycanın ilk peşəkar velosiped komandası "Synergy Baku Cycling Project” komandasının üzvləri də iştirak edirdi. "Synergy Baku”nun üzvü Aqşin İsmayılov mətbuata verdiyi müsahibəsində qeyd etdi ki, Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin idmana, o cümlədən velosiped idmanının inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində ənənəvi hal almış bu cür tədbirlər Azərbaycanda velosiped idmanına olan marağı artırmaqla yanaşı, sağlam həyat tərzini də təbliğ edir. O, velosiped həvəskarlarını bu idman növü ilə daha fəal şəkildə məşğul olmağa çağırdı.