Çingiz Hüseynzadə: “Ümid edirəm ki, Los-Anceles-2028-də iki qızıl medal həddini keçməyə nail ola biləcəyik” - MÜSAHİBƏ

Çingiz Hüseynzadə: “Ümid edirəm ki, Los-Anceles-2028-də iki qızıl medal həddini keçməyə nail ola biləcəyik” - MÜSAHİBƏ

Azərbaycan atletləri Paris-2024 Yay Olimpiya Oyunlarında uğurla iştirak etdi. Ümumilikdə 7 medal qazanan komandamızı Olimpiadadan sonra Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev qəbul etdi. 

Komandamızın Paris-2024-dəki çıxışı, ölkə başçısı ilə görüşdə danışılan məsələlər və verilən tapşırıqlar barədə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ilə həmsöhbət olduq. 

 

Çingiz müəllim, Yay Olimpiya Oyunlarından sonra cənab Prezident İlham Əliyev idmançıları qəbul etdi. Həmin qəbulda Siz də iştirak edirdiniz. Görüş necə keçdi?

- Görüş çox gözəl keçdi. Bildiyiniz kimi, hər Olimpiadadan sonra cənab Prezident Olimpiya Oyunlarında uğur qazanan idmançılarla görüşür. Bu dəfə də istisna olmadı. Medal qazanan bütün idmançılar və qızıl medal əldə edən idmançıların məşqçiləri bu görüşdə iştirak etdilər. Cənab Prezident görüş zamanı öz fikirlərini söylədi və ən əsası odur ki, özü şəxsən idmançılara və məşqçilərə ordenləri təqdim etdi. Ümumiyyətlə, bir çox hallarda ordenlər Prezident tərəfindən şəxsən təqdim olunmur. Amma bu dəfə cənab Prezident ordenləri özü şəxsən təqdim etdi. Bu da idmançıların çox böyük həm həyəcanına, həm də sevincinə səbəb oldu. O, idmançılarla bir-bir görüşdü, öz fikirlərini onlara söylədi. Hətta Tərlan müəllimə ordeni təqdim edəndə onunla söhbət etdi və bundan sonra da ona Hidayət kimi idmançılar yetişdirməyi arzuladı. Elxan Məmmədova da ordeni təqdim edəndə dedi ki, sən özün çempionsan və özün kimi çempionlar yetişdirirsən. Yəni görüş zamanı idmançılar və məşqçilərlə bu cür səmimi söhbətlər oldu. Bundan başqa birgə şəkil çəkdirildi. Mən hesab edirəm ki, bu, olimpiyaçılarımızın həyatında vacib və unudulmaz günlərdən biri oldu. 

 

Ümumilikdə, ölkə başçısı idmançılarımızın çıxışlarını necə dəyərləndirdi? 

- Ölkə başçısı idmançılarımızın çıxışlarını yüksək dəyərləndirdi. Çünki, həqiqətən də Azərbaycan komandası, ilk dəfə idi ki, komanda hesabında ilk otuzluğa daxil oldu. Cənab Prezident də çıxışında bunu qeyd etdi. O, bildirdi ki, komandamız bu nəticə ilə islam ölkələri arasında üçüncü yeri tutub. Ümumiyyətlə, bu nəticənin idman və Olimpiya tariximizdə ən yaxşı nəticələrdən biri olduğunu qeyd etdi. Çünki iki qızıl medalın qazanılması hər Olimpiadada olmur. Hesab edirəm ki, cənab Prezident komandamızın çıxışından razı idi. Bir məsələni də qeyd etdi ki, medalların sayı və nəticələr bundan da çox ola bilərdi. Amma Olimpiadada hər bir nəticə bizim üçün məqbuldur. 

 

Cənab Prezident gələcək il üçün komandanın qarşısına hansı öhdəlikləri qoydu?


- Cənab Prezident əvvəlki görüşlərdə də qeyd etdiyi kimi, bu dəfə də bildirdi ki, bu Olimpiada başa çatdı və günü sabahdan yeni Olimpiya Oyunlarının hazırlıqlarına başlamaq lazımdır. Bilirsiniz ki, bu, dördillik prosesdir. Bu proses ərzində bir çox dəyişikliklər baş verir. İdmançıların dəyişilməsi olur, yeni idmançılar hazırlanır, müxtəlif hadisələr baş verir və zədələr olur. Dörd il çox böyük bir dövrdür. Bu dörd ildə hazırlıq məsələlərini planlaşdırmaq da o qədər asan bir iş deyil. Cənab Prezident ümidvar olduğunu bildirdi ki, növbəti dörd ildə komandamız yaxşı hazırlaşacaq və Olimpiadada uğurla çıxış edəcək. 

 

Bəs Milli Olimpiya Komitəsinin vitse-prezidenti olaraq Paris-2024-ü necə dəyərləndirirsiz?

- Deyərdim ki, Paris-2024-ə müxtəlif səpkidən yanaşmaq olar. Xüsusilə onu qeyd etmək istərdim ki, bu oyunlar indiyə qədər iştirak etdiyim ən yaxşı olimpiadalardan biri deyil. Burada ilk gündən müəyyən problemlər var idi. Sonuncu günə qədər də bu problemlər davam etdi. Sena çayının çirkli olmasından, idmançıların xəstələnməsindən tutmuş, nəqliyyat problemlərinin mövcud olmasını qeyd edə bilərəm. Həmçinin marafon və velosiped yarışlarının keçirildiyi dövrdə şəhər, necə deyərlər, iflic olurdu, idman yarışlarına gedib çatmaq üçün çətinliklər yaranırdı. Bu, Paris-2024-ün Təşkilat Komitəsinin fəaliyyəti ilə əlaqədar idi. Bundan başqa insanlar bu oyunlarda çox fəal iştirak edirdi. Demək olar ki, heç bir idman yarışında arenada boş yer görmədik. Mənim ən çox diqqətimi çəkən o oldu ki, fransız xalqı bütün idmançıları çox müsbət qarşılayırdı. Hansı ölkəni təmsil etməsindən asılı olmayaraq bütün idmançıları alqışlayırdılar. İnsanlar şəhərdə çox mülayim idilər. İdmançılara, komandalara qarşı müsbət yanaşırdılar. Bir sözlə, burada əks münasibətlik var idi. Təşkilat Komitəsi və açılış mərasimi zamanı Azərbaycan komandası haqqında deyilən siyasi fikirlər məsələnin bir tərəfi, xalq və azarkeşlər isə məsələnin tamam başqa tərəfi idi. Bu, bir daha məndə elə bir təəssürat yaratdı ki, pis xalq olmur. Pis hakimiyyət və ya təşkilatçılıq cəhətdən mənfi hallar olur. Xalqlar özü isə öz aralarında bütün məsələləri həll edə bilir. Qeyd etmək istərdim ki, Paris Olimpiadasında müxtəlif yeniliklər tətbiq olundu. Deməzdim ki, bu yeniliklərin hamısı uğurlu oldu. Amma hər halda tətbiq edildi. İstər açılış, istər bağlanış mərasimləri ancaq televiziya tamaşaçılarına yönəldilmiş tamaşalar idi. İdmançıların və yaxud stadiona toplaşan azarkeşlərin bir növ zövqünə uyğun deyildi. Amma texniki cəhətdən mükəmməl idi. Televiziya qarşısında əyləşənlər bunun möhtəşəmliyini hiss edirdilər. Lakin açılış mərasimində iştirak edənlər onu hiss etmirdilər. Birincisi, açılış zamanı yağış hər şeyi bərbad etdi. Bağlanışda da əsas konsert proqramı televiziyada göstərilirdi. Yəni belə müxtəlif məsələlər var idi. Bütün dünya mətbuatı bu hadisələri birmənalı qarşılamadı. 

Açılış mərasimindən söz düşmüşkən, Azərbaycana qarşı işlədilən siyasi ifadələrdən sonra Milli Olimpiya Komitəsi və Gənclər və İdman Nazirliyi Beynəlxalq Olimpiya Komitəsinə etiraz məktubu ünvanladı. Beynəlxalq Olimpiya Komitəsi tərəfindən üzr məktubu gəldi. Bəs Təşkilat Komitəsindən, Fransa tərəfindən eyni addım atıldımı?

- Olimpiya Oyunlarına əsas məsuliyyəti Beynəlxalq Olimpiya Komitəsi daşıyır. Bizim üçün Beynəlxalq Olimpiya Komitəsinin üzr istəməsi çox vacib idi və biz buna nail ola bildik. Mən və Gənclər və İdman naziri Fərid Qayıbov bu məktuba qol çəkdik və yolladıq. Məktub göndəriləndən bir gün sonra demək olar ki, cavab gəldi. Təşkilat Komitəsi də bir söz deyə bilməzdi. Çünki bu, Təşkilat Komitəsinin səhvi deyildi. Bu, televiziya kanalının aparıcısının etdiyi bir nöqsan idi. Amma Təşkilat Komitəsi özü Beynəlxalq Olimpiya Komitəsinə tabedir və bu quruma hesabat verir. Bu səbəbdən də Beynəlxalq Olimpiya Komitəsinin üzr istəməsi Təşkilat Komitəsinin üzr istəməsindən də böyükdür. 

 

Paris-2024-də 7 medal qazandıq. Bu, 7 medaldan başqa, Azərbaycan komandasında müsbət məqamlar nələr idi?

- Müsbət məqamlar çox idi. Cənab Prezident özü də bunu qeyd etdi. İlk növbədə qeyd edə bilərəm ki, Azərbaycan komandası özünü çox intizamlı komanda kimi göstərdi. Yarışlara, idman növlərinə gələndə bədii gimnastika üzrə qrup hərəkətləri komandamızı qeyd etmək istərdim. Bu yarışda əsas məqsəd finala düşmək idi ki, bu da nailiyyət hesab olunurdu. Gimnastlarımız bu işin öhdəsindən gəldilər və finala vəsiqə qazandılar. Finalda da çox gözəl çıxış edərək beşinci yerə nail oldular. Halbuki, onlar bundan daha artıq yerlərə layiq idilər. İlk hərəkətdə gimnastlarımızın xalını bir az azaltmışdılar. Bununla bağlı etiraz da etmişdik. Ümumilikdə isə beşinci yer Olimpiya Oyunlarında böyük nəticədir. Bu, sevindirici haldır. Qadınlardan ibarət 3x3 basketbol komandamızın mübarizəsini da qeyd edərdim. Onların Olimpiya Oyunlarına lisenziya qazanmasının özü bir fantastik hadisə idi. Basketbol komandamız bütün qarşılaşmalarda çox gözəl oyun nümayiş etdirdi. ABŞ və Çin kimi güclü komandalara qalib gəldilər. Azərbaycan komandasına məğlub olan ABŞ komandası Olimpiya Oyunlarında üçüncü yeri tutdu. Hesab edirəm ki, komandamızın fransızları geridə qoyaraq, yeddinci yerə çıxması və hər bir oyunu çox yüksək səviyyədə keçirməsi Azərbaycan idmanı üçün böyük nailiyyət və sevindirici haldır. Eyni zamanda ayrı-ayrı fərdi idmançıların çıxışları da uğurlu sayıla bilər. Mən xüsusilə atletikanın çəkicatma növündə çıxış edən Anna Skidanın nəticəsini qeyd etmək istərdim. O, dördüncü dəfədir ki, Olimpiadada çıxış edirdi və ilk dəfə finala vəsiqə qazandı. İlk olaraq “on ikiliyə” və “səkkizliyə” düşən Anna yekunda yeddinci yeri tutdu. Olimpiya Oyunlarında bu da böyük nəticədir. Bilirsiniz ki, atletikada medal qazanmaq olduqca çətindir. Eyni zamanda ilk dəfə Olimpiya Oyunlarında iştirak edən kamandan oxatma üzrə xanım idmançımız Yaylagül Ramazanova ilk seçmə mərhələdə çinli idmançıya qalib gəldi. Halbuki çinli idmançı yarışın əsas favoritlərindən biri hesab olunurdu. Bu uğurun özü də bizim üçün çox gözəl nəticədir. Təbii ki, uğursuzluqlar da oldu. Nəticə gözlədiyimiz idmançıların çıxışları zəif oldu. Nəticə gözləmədiyimiz idmançılar isə uğur qazandılar. Bu, Olimpiya ruhuna uyğun bir haldır. Olimpiya Oyunlarında həmişə yeni adlar parlayır. Bu dəfə də belə oldu. 

 

İlin sonuna dörd ay qalıb. Paralimpiya Oyunlarını çıxmaq şərti ilə demək olar ki, bütün böyük yarışlar başa çatıb. Bu, dörd ay ərzində Milli Olimpiya Komitəsinin qarşısına qoyduğu işlər nələrdən ibarət olacaq?

- Milli Olimpiya Komitəsinin əsas vəzifələrindən biri olimpizmin, Olimpiya ideallarının təbliğatıdır. Milli Olimpiya Komitəsi təkcə idman yarışları ilə deyil, ümumiyyətlə, idmanın və Olimpiya Hərəkatının təbliğatı məsələsi ilə məşğul olur. İndi Avropa Milli Olimpiya Komitələri və digər ölkələrin Milli Olimpiya Komitələri oyunları təhlil edirlər. Təkcə Azərbaycan idmanı üçün deyil, dünyada idmanın inkişafı baxımından bu təhlillər aparılmalıdır. Sentyabr ayında Avropa Olimpiya Komitələrinin iclasları olacaq. Biz də bu iclaslarda iştirak edəcək, müəyyən məsələlər ətrafında fikirlərimizi bildirəcəyik. Azərbaycanda idmanın və Olimpiya Hərəkatının təbliği çox vacibdir. Bizim əsas vəzifələrimizdən biri əldə olunan nəticələri geniş şəkildə təhlil edib, ictimaiyyətə çatdırmaqdır. Yəni işlər çoxdur. Yarışlar olmasa da, Azərbaycanda idmanın, olimpizmin, Olimpiya ideallarının təbliği ilə bağlı bizim bir çox planlarımız var ki, onları həyata keçirəcəyik. 

 

Tokio-2020-dən sonra əksər federasiyalarda dəyişikliklər oldu. Nəticələr öz bəhrəsini verdi. Bəs Paris-2024-dən sonra Los-Anceles-2028-ə qədər struktur dəyişiklikləri və ya ümidləri doğrultmayan idmançılarla bağlı federasiyalarda dəyişiklik gözlənilirmi? 


- Dəyişikliklər əlbəttə ki, gözlənilir. Amma mən başqa cür deyərdim. Ümidləri doğrultmayan idmançılar deməzdim. Hətta cənab Prezident öz çıxışında qeyd etdi ki, nəsildəyişmə prosesləri gedir. Bu proses mütləq olmalıdır. Bu, müxtəlif idman növlərində fərqli olur. Tokio Olimpiadasında medal qazanan güləşçilərimiz bu Olimpiya Oyunlarında mükafatsız qaldı. Bu da məhz həmin proseslə bağlıdır. Yenilənmə getməlidir, yeni insanlar gəlməlidir. Bu, istər idmançılar, istər məşqçilər, istərsə də federasiya rəsmiləri arasında olmalıdır. Paris-2024 yenilənmələrdən sonra bəzi federasiyaların ilk Olimpiadası idi. Hesab edirəm ki, bu Olimpiadadan sonra onlar öz işlərini necə quracaqlarını daha yaxşı dərk edəcək və işə daha məsuliyyətlə yanaşacaqlar. 

 

Bir neçə gün sonra Paralimpiya Oyunlar başlayacaq. Tokio-2020-də tarix yazan paralimpiyaçılarımızdan Fransada gözləntilər nədir?

- Əlbəttə ki, Tokio-2020-dəki uğurlar Fransada təkrar oluna bilməz. Birincisi, ona görə ki, budəfəki Paralimpiya Oyunlarına lisenziya qazanan idmançılarımızın sayı azdır. İkincisi, isə bütün dünyada paralimpiya hərəkatında ciddi dəyişikliklər baş verib. Əvvəllər paralimpiya ilə bağlı kriteryalara daha yumuşaq yanaşılırdısa, indi bu məsələyə ciddi nəzarət edilir. Məsələn, əvvəl atletimiz Lamiyə Vəliyeva başqa kateqoriyada çıxış edirdisə, bu dəfə tamam başqa kateqoriyada mübarizə aparacaq. Bu kateqoriyada isə idmançılar daha güclüdürlər. Belə bu hal eləcə də başqa idmançılarımıza da aiddir. Mən burada mənfi hecnə görmürəm. Bəlkə də bu, daha yaxşıdır, Paris-2024 Yay Paralimpiya Oyunları daha ədalətli şəkildə keçiriləcək. 

 

Paralimpiya Oyunlarından sonra yəqin ki, idman ilinə yekun vurmaq olar. Növbəti Los-Anceles-2028 Yay Olimpiya və Paralimpiya Oyunlarının hazırlıqlarına nə vaxtdan start verməyi planlaşdırırsınız?  


- Biz planlaşdırmırıq, artıq bu hazırlıqlara başlamışıq. Milli Olimpiya Komitəsi olaraq idmançıların hazırlığı ilə məşğul olmuruq. İdmançılar federasiyalarda, idman klublarında hazırlanırlar. Biz bu işin yolunda bütün inzibati məsələləri həll etməklə məşğuluq. Deyərdim ki, Paris-2024 Yay Olimpiya Oyunları başlamamışdan əvvəl biz artıq Los-Anceles-2028 haqqında düşünürdük. Bununla bağlı proses gedir. Cənab Prezident də qeyd etdi ki, Los-Anceles-2028-ə hazırlıqlara başlamaq lazımdır. Düşünürəm ki, Los-Anceles-2028 Yay Olimpiya Oyunları bir qədər fərqli olacaq. Bunun da əsas səbəblərindən biri odur ki, 2025-ci ildə Beynəlxalq Olimpiya Komitəsinə yeni prezident seçiləcək. Biz onun kim olduğunu bilmirik. Amma bildiyiniz kimi, şəxsiyyətin rolundan çox şey asılıdır. Yeni prezident gələcək və onun yeni tələbləri olacaq, Olimpiya Hərəkatında müəyyən dəyişikliklər baş verəcək. Biz də bu dəyişikliklərə uyğun olaraq öz fəaliyyətimizi quracağıq. Ümid edirəm ki, Los-Anceles-2028-də biz artıq iki qızıl medal həddini keçməyə nail ola biləcəyik.

Çingiz Hüseynzadə: “Ümid edirəm ki, Los-Anceles-2028-də iki qızıl medal həddini keçməyə nail ola biləcəyik” - MÜSAHİBƏ Çingiz Hüseynzadə: “Ümid edirəm ki, Los-Anceles-2028-də iki qızıl medal həddini keçməyə nail ola biləcəyik” - MÜSAHİBƏ Çingiz Hüseynzadə: “Ümid edirəm ki, Los-Anceles-2028-də iki qızıl medal həddini keçməyə nail ola biləcəyik” - MÜSAHİBƏ