Heydər Əliyev Fondunun təşəbbüsü ilə Göyçay Rayon Şahmat Məktəbində aparılan əsaslı təmir və yenidənqurma işləri başa çatdırılıb. Ümumi sahəsi 360 kvadratmetr olan birmərtəbəli məktəb binasında əsaslı təmir və yenidənqurma işlərinə ötən il başlanılmışdı.
Bu müddət ərzində binanın mansart tipli ikinci mərtəbəsi tikilib və məktəbin ümumi sahəsi 600 kvadratmetrə çatdırılıb.
Əsaslı təmir və yenidənqurma işlərindən sonra məktəbdə 10 dərs otağı, 300 və 100 nəfərlik iki yarış zalı, yardımçı otaqlar istifadəyə verilib. Bütün otaqlar müasir standartlara uyğun təmir edilib.
Hazırda məktəbin ətrafında təmizlik-abadlıq işləri görülür. Yaxın günlərdə şahmat məktəbinin təzə avadanlıqla təchiz ediləcəyi və binanın istifadəyə veriləcəyi gözlənilir.