Soçidə olimpiada ilə bağlı xüsusi tədbirlər görülür

Soçidə olimpiada ilə bağlı xüsusi tədbirlər görülür


2014-cü il fevralın 7-də Rusiyanın Soçi şəhərində növbəti, XXII Qış Olimpiya Oyunları keçiriləcək. Qış Olimpiadasının başlanmasına 1 aydan da az vaxt qalır. Soçi Olimpiya Oyunları Təşkilat Komitəsi bununla bağlı gücləndirilmiş iş rejimində işləyir.
Rusiyanın kurort şəhəri olan Soçidə yanvar ayının 7-dən etibarən gücləndirilmiş təhlükəsizlik tədbirləri tətbiq edilir və bu tədbirlər olimpiada başa çatana qədər davam edəcək. Xatırladaq ki, Soçidə XXII Qış Olimpiya Oyunları fevralın 5-dən 23-dək, Qış paralimpiya Oyunları isə martın 7-dən 16-dək keçiriləcək. Şəhərdə xüsusi rejim martın 21-dək qüvvədə olacaq.
Təşkilat Komitəsi nəzarət zonaları da yaradacaq. Həmin zonalara daxil olmaq üçün əvvəlcə polis nəzarətindən keçmək lazımdır. Soçiyə gələnlərə nəzarət işinə hüquq-mühafizə orqanlarının və daxili qoşunların 30 mindən çox əməkdaşı cəlb ediləcək. Qeyd edək ki, yarışların başlanmasına 1 ay qalmasına baxmayaraq qonaqların və iştirakçıların təhlükəsizliyini təmin edən Fövqəladə hallar Nazirliyinin bütün bölmələri artıq indidən gücləndirilmiş iş rejimində işləyir.
Fövqəladə hallar naziri Vladimir Puçkov bununla bağlı deyib: "Kosmik monitorinq sistemi artıq işə salınıb və bütün obyektlərə nəzarət ediləcək. Qış Olimpiya Oyunlarının təhlükəsizliyi ilə bağlı bütün məsələlər dünya səviyyəsində həll edilir”.
Rusiya Federasiyasının prezidenti Vladimir Putinin yanvarın 7-dən etibarən qüvvəyə minən fərmanı Soçinin hakimiyyət orqanlarına Soçi-2014 Qış Olimpiya və Paralimpiya Oyunları ilə bağlı olmayan tədbirləri tənzimləməyə imkan verir. Fərmanda deyilir: "2014-cü il yanvarın 7-dən martın 21-dək olan dövrdə yığıncaqlar, mitinqlər, nümayişlər, yürüşlər və piketlər keçirilən yerlər və həmin kütləvi tədbir iştirakçılarının hərəkət marşrutları RF Daxili İşlər Nazirliyinin müvafiq ərazi orqanı və müvafiq ərazinin təhlükəsizlik orqanı ilə razılışdırılmaqla keçirilə bilər. Bu halda həmin kütləvi tədbirin müddətləri və iştirakçıların sayı Soçi kurort-şəhərinin bələdiyyə qurumunun administrasiyası tərəfindən müəyyən edilir”.
Yeni il bayramından sonra prezident V.Putin olimpiada dövründə Soçidə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi haqqında öz fərmanına düzəliş edərək yığıncaqlar, mitinqlər və nümayişlər keçirilməsinə icazə versə də, bu tədbirlər yalnız yerli hakimiyyət orqanları, Daxili İşlər Nazirliyi və Federal Təhlükəsizlik Xidməti ilə razılaşma əsasında keçirilə bilər. Ölkə prezidentinin fərmanı qadağan zonası yaradılmasını nəzərdə tutur. Həmin zonaya yalnız xidməti və istehsalat zərurəti yarandıqda düşmək mümkün olacaq. Həmin ərazinin bir hissəsi Qaraçay-Çərkəz Respbulikasının sərhədi boyunca Rusiya-Abxaziya sərhədinə qədər davam edir.
Qeyd edək ki, yanvarın 7-dən etibarən Soçidə xüsusi yol hərəkəti qaydaları da qüvvəyə minib. Belə ki, olimpiadanın paytaxtına şəxsi nəqliyyat vasitəsilə getmək istəyənlər öz avtomobillərini xüsusi dayanacaqda saxlamalı olacaqlar. Çünki başqa şəhərlərdən gələn avtomobillərin şəhərə girməsi qadağandır. Parklama yerləri Soçinin mərkəzindən azı 100 km məsafədə yerləşir. Şəhərə yalnız XXII Qış Olimpiya Oyunları üçün akkreditə edilmiş maşınlar daxil ola bilər. Həmin avtomobillər üçün xüsusi hərəkət zolaqları ayrılmışdır. Adi nəqliyyat vasitələrinin həmin yollarda hərəkəti qadağan edilib.
Qeyd edək ki, Təşkilat Komitəsi tərəfindən müvəqqəti qaydaların pozulmasına görə ciddi cəza tədbirləri nəzərdə tutulub. Başqa nəqliyyat vasitələrinin Olimpiya zolağında hərəkətinə və saxlanmasına görə 5 min rubl cərimə olunacaq. Bundan əlavə, Soçi şəhəri ərazisində qeydiyyata alınmamış avtomobillərin oraya daxil olmasına görə 3 min rubl məbləğində yeni cərimə və dövlət qeydiyyat nömrələrinin çıxarılması nəzərdə tutulur.
Olimpiya oyunları dövründə şəhər şəbəkəsindəki bəzi marşrutlar dəyişdiriləcək. Şəhər bələdiyyəsi sakinlərə bu dövrdə şəxsi avtomobilləri əvəzinə ictimai nəqliyyatdan istifadə etməyi tövsiyə edib.
Soçi-2014 Qış Olimpiya Oyunlarının əsas media mərkəzi yanvarın 7-dən işə başlayıb. Olimpiya parkının yaxınlığındakı sahilyanı klasterdə yerləşən bu mərkəzin ərazisi 158 min kv m-dən çoxdur. Yanvarın 23-dən fasiləsiz iş rejiminə keçəcək media-mərkəzində təxminən 6 min 500 jurnalist üçün yer ayrılıb.