Paris-2024 Yay Olimpiya və Paralimpiya Oyunlarında Azərbaycan taekvondoçularının əldə etdikləri uğurlar hər birimizi sevindirdi. Minimum sayda idmançı ilə Fransa paytaxtına yollanan Azərbaycan Taekvondo Federasiyası Parisdəki işin öhdəsindən uğurla gəldi. Olimpiya və Paralimpiya Oyunlarında taekvondoçularımızın fəxri kürsüdə yer alması federasiyanın gəncləşmə siyasətinin uğurla həyata keçirildiyini göstərir. Bu günlərdə Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayevlə Paris-2024 Yay Olimpiya və Paralimpiya Oyunlarında idmançılarımızın uğurlu çıxışı və federasiyanın gələcək planları barədə danışdıq. Həmin müsahibəni oxucularımıza təqdim edirik.
- Niyaməddin müəllim, Paris-2024-də bir idmançı ilə təmsil olunan taekvondo millimiz maksimum nəticə göstərərək, gümüş medal qazandı. Uğurlu nəticə münasibəti ilə Azərbaycan Taekvondo Federasiyasını təbrik edirik.
- Çox sağ olun. Bəli, Azərbaycan Taekvondo Federasiyası Olimpiya Oyunlarında bir idmançı ilə təmsil olundu. Qaşım Maqomedov güclü rəqiblərinə qalib gələrək finala vəsiqə qazandı. O, həlledici görüşə vəsiqə uğrunda italiyalı Olimpiya çempionuna qalib gəldi. Bu, hər birimiz üçün qürurverici idi. Qaşımın Olimpiya Oyunlarındakı uğuru, əldə etdiyi gümüş medal hər birimiz üçün dəyərlidir.
- Bu, eyni zamanda Azərbaycan taekvondoçularının Olimpiya Oyunlarından ikinci finalı idi. Yəni Azərbaycan taekvondosu tarixində daha bir Olimpiya qızılını qazana bilərdik. Lakin finalda baş verənlər bir daha sübut etdi ki, idmanda zədə amili qaçılmazdır.
- Qeyd etdiyiniz kimi, Rio Olimpiadasından sonra yenidən Olimpiya qızılına yaxın idik. Bunun üçün Qaşımın şansları da çox idi. Düşünürəm ki, o, zədə almasa idi Olimpiya çempionu adını qazana bilərdi. Bunu Qaşımın finala qədər inamlı çıxışı və əzmkarlığı da göstərirdi. Lakin idmanda zədələr hər zaman qaçılmaz olur. Təəssüf ki, onun zədəsi qızıl medalın bir addımlığında çempionluğu əlindən aldı. Bunu şanssızlıqla da əlaqələndirmək olar. Lakin Qaşımın əzmkarlığı, zədəyə baxmayaraq mübarizə aparmasının özü bir qələbədir. Düzdür, qızıl medal olsa idi, daha yaxşı olardı. Amma Olimpiya Oyunları kimi mötəbər yarışda bu nəticə də yaxşı sayılmalıdır. İnşallah, gələn Olimpiya Oyunlarında Qaşım Maqomedov Olimpiya çempionu olaraq, hər birimizi sevindirər.
- Final görüşündə rəqib idmançının fair-play qaydalarına əməl etməməsi dünya mediasının da əsas xəbər manşetlərinə çevrildi. Qaşım özü də müsahibəsində bu halın idmanda baş verə bilən bir hadisə olduğunu demişdi.
- Taekvondo idman növündə nəzakət önəmlidir. Amma cənubi koreyalı idmançı bu nəzakət qaydalarından bir qədər kənara çıxdı. Qaşım dediyi kimi, idmanda belə hallar olur. O, zədəyə görə istədiyi döyüşü nümayiş etdirə bilmədi. Amma Qaşımın finaldakı mübarizliyi Olimpiya Oyunlarını izləyənləri heyrətləndirdi. Onun zədəsinin ciddi olduğunu hamı hiss edirdi. Lakin Azərbaycan təmsilçisi sona qədər mübarizə apardı. İdmançımızın bu mübarizliyi qızıl medaldan da üstün oldu. Arenaya toplaşan azarkeşlər Azərbaycan taekvondoçusunu ayaqüstə alqışladılar. Bir sözlə, Qaşım Maqomedov öz mübarizliyi və qətiyyəti ilə Olimpiya zirvəsini olmasa da, milyonlarla insanın qəlbini fəth etdi.
- Qaşımın rəqibləri arasında ötən Olimpiya Oyunlarının qalibi Vito Akvilya da var idi. Taekvondoçumuz yarımfinalda məhz onu məğlub edərək həlledici görüşə vəsiqə qazandı. Sizcə, italiyalı idmançı tituluna arxayın idi, yoxsa Qaşım rəqibini əvvəlcədən yaxşı təhlil etmişdi?
- Əlbəttə italiyalı idmançının Qaşım üçün önəmli rəqiblərindən biri olduğunu bilirdik. Avropa çempionatının yarımfinalında Qaşım Vito Akvilyaya məğlub oldu. Bu yarışdan sonra həmin idmançının döyüş texnikası təhlil edildi. Hətta o, məşq prosesini də italiyalı idmançıya uyğun qurmuşdu. Biz Qaşımın Vitoya qalib gəlməsi üçün Tükiyədən iki tərəfdaş idmançı da dəvət etmişdik. Olimpiadanın yarımfinal görüşünü izləyənlər də gördü ki, italiyalı taekvondoçu mübarizəni sona qədər davam etdirmədi. Belə ki, o, görüşün başa çatmasına bir neçə saniyə qalmış görüşüş yarımçıq dayandırdı. Bütün bunlar Qaşımın olimpiadaya hazırlıq prosesinin düzgün şəkildə qurulduğunun göstəricisi idi.
- Yəqin ki, Olimpiya mükafatçımızın zədəsi artıq sağalıb.
- Qaşımın zədəsi dizdən aşağıda olan sinir hissədə idi. Həkimlər ona üç həftə məşq etməməsini bildirmişdilər. Bu müddət ərzində ağrılarının tamamilə keçəcəyini və yenidən məşqlərə başlayacağını demişdilər. O, olimpiadadan qayıtdıqdan sonra məşqçilər heyəti ona bir aylıq istirahət verdi.
- Olimpiya Oyunlarındakı nəticə federasiya rəhbərliyinin gəncləşdirmə siyasətindən sonra qazandığı ən böyük uğur hesab olunur. Federasiyanın bu istiqamətdə gördüyü işlərdən danışsaq, başqa nələri qeyd edərdiniz?
- Hər bir idman növündə nəsildəyişmə prosesi olur. Bizim də yığma komandada tanınmış titullu idmançılarımız var idi. Həmin idmançılar komandadan ayrıldıqdan sonra bir qədər boşluqlar yarandı. Bundan sonra komandanın heyətinə gənc idmançılar cəlb olundu. Hazırda deyərdim ki, komandanın heyətinin səksən faizi gənc idmançılardan ibarətdir. Əsas məqsədimiz 2028-ci ildə Los-Ancelesdə təşkil olunacaq Olimpiya Oyunlarına bir idmançı ilə deyil, gənc idmançılardan hazırladığımız üç-dörd taekvondoçu ilə qatılmaqdır. Yığma komandanın tərkibində çox potensiallı idmançılar var. İnşallah, gələcək yarışlarda da onlar öz nəticələri ilə bizi sevindirəcəklər.
- Növbəti Olimpiya Oyunlarına qədər ölkəmizi qadın taekvondosunda təmsil etmək üçün namizədlər varmı?
- Qeyd etdiyim kimi, oğlan komandalarda olduğu kimi qızlardan ibarət yığmaya da gənc idmançılar cəlb olunub. Hətta bizim gənc və qadınlardan ibarət komandalarımız bir yerdə məşqlərə başlayıblar. Çünki, məqsədimiz gənc idmançılar arasında potensiallı taekvondoçuları aşkarlayaraq onların üzərində çalışmaqdır. Bizim elə gənc idmançılarımız var ki, onlar gələcəkdə ölkəmizi dünya, Avropa çempionatlarında və Olimpiya Oyunlarına lisenziya yarışlarında layiqincə təmsil edə bilərlər. Hədəfimiz Los-Anceles-2028-də dörd idmançı ilə təmsil olunmaqdır. Həmin heyətdə də iki qadın və iki kişi idmançının yer almasını planlaşdırırıq.
- Taekvondoçumuzun Olimpiya Oyunlarında mükafatçılar sırasında yer alması göstərir ki, Azərbaycan bu idman növünün inkişaf etdiyi ölkələr sırasındadır. Maraqlıdır ki, Dünya Taekvondosu ölkəmizdə bu idman növünün inkişafı barəsində nə düşünür? Yəqin ki, Parisdəki Azərbaycan Evində beynəlxalq qurumun rəhbəri ilə bu məsələlər söhbət mövzusu olmuşdu.
- Azərbaycan Taekvondo Federasiyası Dünya Taekvondosu ilə sıx əməkdaşlıq edir. Ötən il ölkəmizdə təşkil olunan dünya çempionatı da bu əməkdaşlığın bir göstəricisi idi. Dünya Taekvondosunun rəhbəri Parisdəki Azərbaycan Evinə gələndə də Azərbaycan idmanının və ölkəmizdə taekvondonun inkişafını qeyd etmişdi. Gələcəkdə də ölkəmizdə bu idman növünün kütəviliyinin artırılması, potensiallı idmançıları aşkarlayaraq onları dünya arenasına çıxarmaq üçün bütün bacarıqlarımızdan istifadə edəcəyik. Ölkəmizdə Dünya Taekvondosunun razılığı əsasında böyük yarışların Azərbaycanda keçirilməsi planlaşdırılır.
- Bir qədər də Paris-2024-də taekvondo yarışlarının digərlərindən fərqli məkanda və fərqli təqdimatla keçirilməsindən danışardınız.
- Təbii ki, qeyd etdiyiniz kimi Olimpiya Oyunlarında idman yarışlarının keçirildiyi zallar arasında taekvondo yarışlarının təşkil edildiyi zal möhtəşəmliyi ilə seçilirdi. Olimpiadanın əvvəlində həmin məkanda qılıncoynatma üzrə yarışlar da keçirilmişdi. Dünya Tekvondo Federasiyasının rəhbəri də yarışdan əvvəl mətbuat konfransında zalın möhtəşəmliyini xüsusilə qeyd etmişdi. Həqiqətən də məkan çox gözəl və fərqli bir dizaynda hazırlanmışdı. Bu, bizim üçün də xoş oldu.
- Niyaməddin müəllim, istərdik son olaraq Paralimpiya Oyunlarında əldə olunan uğurdan danışardınız.
- Bu Oyunlardan çox geniş danışmaq olar. Paralimpiya Oyunları hər birimiz üçün daha əzizdir. Çünki paratakevondo yarışlarında çıxış edən idmançılarımızın qollarının olmaması və onların məşq proseslərində hansı əziyyətlərdən keçdiyini yaxşı bilirik. İlk dəfə olaraq 2020-ci ildə parataekvondo idman növü Tokio-2020-də təmsil olundu. Bu oyunlara 4 lisenziya qazanmağımıza baxmayaraq, həmin Oyunlarda idmançılarımızdan heç biri medal qazana bilmədi. Bundan sonra Azərbaycan Taekvondo Federasiyasının rəhbərliyinin göstərişi ilə Oyunlarda uğur qazanması üçün paratekvondoçularımızı bütün lazımi məsələlərlə təmin etdik. Onların təlim-məşq toplanışları, beynəlxalq və rəsmi yarışlarda iştirakına şərait yaratdıq. Komandamızın baş məşqçisi Fərid müəllim Paralimpiya Oyunlarında iştirak edən hər üç idmançımızla son iki ildə bütün yarışlarda və hazırlıqlarda iştirak etdilər. Paralimpiya Oyunlarından əvvəl idmançılarımızın dünya və Avropa çempionatlarında qazandığı uğurlar Paris-2024-lə bağlı müsbət fikirlər düşünməyə bizə ümid verirdi. İmaməddin Xəlilovun Paralimpiya çempionu olması bir daha Azərbaycanda parataekvondonun inkişafı üçün təkan olacaq. Digər parataekvondoçularımız da İmaməddindən örnək götürərək, daha da əzmlə çalışacaqlar. 19 yaşlı parataekvondoçumuz Sabir Zeynalovun da bürünc medal qazanması bizim üçün qürurverici oldu. Parataekvondo da federasiyamızın bir hissəsidir. Biz onlarla əməkdaşlığımızı artırırq. Qaşımın uğuru kimi, paratekvondoçularımızın da uğuruna hər birimiz sevindik. Gələcək yarışlarda da onlara uğurlar arzulayıram. İnanıram ki, parataekvondoçularımız Los-Anceles-2028-də də yenidən qızıl medal qazanaraq, bizi sevindirəcəklər.
Azər Əlizadə