Sentyabrın 27-də İmişli rayonu Yuxarı Qaralar kəndində şəhid Arif Allahverdiyev adına tam orta məktəbdə Anım Günü ilə əlaqədar tədbir keçirilib.
Mərasimdə şəhid ailələrinin üzvləri, müharibə veteranları, rayon icra hakimiyyətinin əməkdaşları, orta məktəbin müəllim və şagird kollektivi, rayon ictimaiyyətinin nümayəndələri, həmçinin kənd ağsaqqalları iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən şəhid Nadir Mikayılovun anası Sona xanım və atası Adil müəllim bütün şəhidlərə Allahdan rəhmət diləyərək, tədbirin təşkilatçılarına minnətdarlığını bildiriblər.
İmişli rayonu Yuxarı Qaralar kənd şəhid Arif Allahverdiyev adına tam orta məktəbin hərbi rəhbəri Elmidar Əsgərov, İmişli Rayon İcra Hakimiyyətinin Ölcələr kənd ərazi dairəsi üzrə nümayəndəsi Əbülfət Əliyev, Ölcələr kənd hərbi rəhbəri, birinci və ikinci Qarabağ müharibəsi iştirakçısı, kapitan Nəsimi Əliquliyev, Qarabağ Əlillər Qayğı Cəmiyyətinin sədri Səməd Həsənov, Vətən Müharibəsi Veteranları İctimai Birliyinin İmişli rayon şöbəsinin sədri, birinci Qarabağ müharibəsi iştirakçısı Taleh Tapdıqov, şəhid ailələrinin üzvləri, müharibə veteranları və kənd ağsaqalları çıxış edərək, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçən şəhidlərimizin xatirəsinin daim yaddaşlarda qalacağını bildiriblər.
Qeyd olunub ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə gedən döyüşlərdə məhz qəhrəman əsgərlərimizin göstərdiyi şücaət nəticəsində torpaqlarımız işğaldan azad olunub.
Bildirilib ki, bu gün Azərbaycan müasir, inkişaf etmiş, qarşıya qoyulan bütün hədəflərə nail olmağa qadir bir orduya malikdir.
Tədbir çərçivəsində birinci Qarabağ şəhidi, Yuxarı Qaralar kənd sakini Mikayılov Nadir Adil oğlunun adına açılmış abidə-bulaq kompleksinin də açılışı olub.
Qeyd edək ki, şəhid Nadir Adil oğlu Mikayılov 1975-ci il mart ayının 25-də İmişli rayonunun Yuxarı Qaralar kəndində anadan olub. Orta məktəbdən sənədlərini texnikuma verən Nadir Mikayılov hələ əsgərlik yaşı tamam olmasa da texnikumda təhsilini yarımçıq dayandıraraq, könüllü olaraq Qarabağ uğrunda müharibəyə yollanıb. O, işğalçı düşmənlərə qarşı qəhrəmancasına döyüşərək, igidlik göstərmişdir. Ağdamın Gülablı kəndində, Füzulinin Qaraxanbəyli və Şükürbəyli kəndlərində ağır döyüşlərdə iştirak edərək, 1994-cü ildə fevralın 3-də qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.
Allah rəhmət eləsin!