Soçidə keçiriləcək Olimpiya oyunları ərəfəsində ABŞ hökuməti hər hansı terror hadisəsi və hadisə zamanı öz idmançılarının kütləvi evakuasiyası üçün plan hazırlayıb. ABŞ-ın yerli Xizəksürmə və Snoubord Federasiyası xüsusi mühafizə şirkəti ilə müqavilə bağlayıb. Hökumət tərəfindən terror təhlükəsi səviyyəsinin yüksək olduğu nəzərə alınaraq, atletlərin təcili surətdə Soçidən evakuasiyası üçün 200 nəfərlik 5 təyyarə ehtiyatda saxlanılır. "Global Rescue” şirkətinin rəhbəri Den Riçards uzun illərdən bəri Xizəksürmə İdmanı Federasiyası ilə əməkdaşlıq etməsinə baxmayaraq, hələ heç vaxt belə təhlükəsizlik tədbirlərinin görülmədiyini bildirib.
Xatırladaq ki, yanvarın 7-dən Soçidə xüsusi təhlükəsizlik tədbirləri tətbiq olunur. Rusiya hüquq mühafizə orqanları pilotsuz təyyarələrdən və hətta "yer-hava” tipli raketlərdən istifadə edəcəklər. Şəhərin özündə asayişi təqribən 40 min əsgər və polis işçisi qoruyacaq.