Azərbaycan Cüdo Federasiyasının (ACF) rəsmiləri bu idman növündəki yeni qaydalarla bağlı təşkil olunmuş texniki seminarda iştirak ediblər.
ACF-nin mətbuat xidmətindən verilən məlumata görə, Beynəlxalq Cüdo Federasiyasının (IJF) təşkil etdiyi tədbir iki gün davam edib.
Seminara vitse-prezident Elnur Məmmədli, ACF-in prezidentinin müşaviri Natiq Bağırov, böyüklərdən ibarət milli komandanın baş məşqçisi Riçard Trautman, hakimlər üzrə menecer Mətin Rəhimli, hakimlər Arzu Acalova, Fariz Hüseynov, Akif Tahirov və Nazim Umbayev qatılıblar.
Burada IJF-in Təhsil, Hakimlik və İdman Komissiyaları yeni qaydaları ətraflı izah edib və əyani şəkildə nümayiş etdiriblər.
IJF dekabrın 13-də cüdoda tətbiq ediləcək yeni qaydaları rəsmən elan edib.
Paris-2024 Yay Olimpiya Oyunlarından sonra aparılan təhlil və müzakirələrin nəticəsi olaraq qaydalar növbəti Olimpiya dövrünə uyğunlaşdırılıb və yenilənib. Yeni qaydaların 1 yanvar 2025-ci il tarixindən etibarən qüvvəyə minəcəyi və 2025-ci ilin iyununda keçiriləcək böyüklər arasında dünya çempionatından sonra yenidən nəzərdən keçiriləcəyi bildirilib.