Yanvarın 14-də Bakıda Azərbaycanın məşhur şahmatçısı, ölkə və Avropa çempionu, beynəlxalq dərəcəli qrossmeyster Vüqar Həşimovun vida mərasimi başlayıb.
Respublika Şahmat Mərkəzində təşkil olunan mərasimdə dövlət və hökumət rəsmiləri, Azərbaycanın idman ictimaiyyətinin nümayəndələri iştirak edirlər. Gənclər və idman naziri Azad Rəhimov, ARDNŞ-ın vitse-prezidenti Elşad Nəsirov, azərbaycanlı voleybol mütəxəssisi Faiq Qarayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Eldar Namazov azərbaycanlı qrossmeyster Vüqar Həşimovun vida mərasimində iştirak edərək, mərhumun ailəsinə başsağlığı veriblər. Onlar cənazənin qarşısında fəxri qaravulda durublar.
Respublika Şahmat Mərkəzinin salonunda qoyulmuş cənazənin ətrafına müxtəlif təşkilatlar və kollektivlər adından əklillər düzülüb.
Vüqar Həşimovun həmkarları, dostları, tanışları axın-axın Respublika Şahmat Mərkəzinin binasına gəlir, mərhuma son borclarını verirlər.
Qeyd edək ki, mərhum üçüncü Fəxri xiyabanda torpağa tapşırılacaq.