Vüqarın “son gedişi” çoxlarını mat qoydu

Vüqarın “son gedişi” çoxlarını mat qoydu

Ötən ili böyük uğurla yola salan Azərbaycan idmanı ilin əvvəlində böyük bir itki ilə üzləşdi. Azərbaycan idmanının ən layiqli nümayəndələrindən biri olan şahmatçımız Vüqar Həşimov 2014-cü ilin ikinci həftəsində gözünü əbədi olaraq yumdu. Amansız ölüm onu sıralarımızdan ayırdı. Azərbaycan idmanı, xüsusilə şahmatımız Vüqar Həşimov kimi alicənab, yüksək intellektə malik olan bir nümayəndəsini itirdi. Bu itki hələ uzun müddət özünü göstərəcək. Eşitdiklərimizdən, bildiklərimizdən bu qənaətə gəlirik ki, belə bir şahmatçının yetişməsi üçün hələ neçə-neçə qərinələr gərəkdir. Yüksək insani keyfiyyətlərə və savada malik olan Vüqar Həşimovla söhbət edənlərin hər biri müsbət enerji alırdı. Onunla müsahibələrin hər biri maraqlı alınırdı. Hətta onun fikirlərini redaktə etmədən belə yazıda saxlamaq mümkün idi. Şahmatçılarla görüşmək, onlarla müsahibə hazırlamaq bir qədər çətin olur. Onların yarışlarda iştirak etməsi, məşq qrafiklərinin sıx olması məlumat alamaq baxımından qələm əhli üçün çətinlik yaradır. Bu da başa düşüləndir. Hətta özünü mətbuatdan gizlədən şahmatçılarımıza da rast gəlirik. Lakin Vüqar Həşimov belə şahmatçılardan deyildi. İstər yarışlardan, istərsə də tədbirlərdən sonra ona yaxınlaşıb, istənilən məlumatı almaq olurdu. Bu isə mərhum qrossmeysterimizin geniş dünya görüşündən və insani keyfiyyətlərindən xəbər verirdi.
Şahmat seanslarında uşaqların hər biri ilə onların həmyaşıdı kimi davranan Vüqar Həşimov seansdan sonra onlara avtoqraf verməkdən yorulmurdu. Hər bir uşaqla şəki çəkdirən şahmatçımız gülərüz siması ilə hamını razı salırdı.
Yaşının az olmasına baxmayaraq, Vüqarın qazandığı nailiyyətlər yetərincə idi. Əgər ömür vəfa etsə idi, Azərbaycan şahmatı Vüqarla yeni-yeni uğurlara imza atacaqdı. Lakin sağlamlıq və səhhətinə nüfuz edən xəstəlik Vüqarı əbədiyyətə qovuşdurdu.
Məşhur bir aforizmdə deyilir: Həyat bir şahmat lövhəsidir. Biz isə fiqurlar. Hər bir fiqurun öz işi və öz gedişi var”.
Vüqarın son gedişi çoxlarını mat qoydu. Ölümü nə mat etmək, nə də onunla xal bölgüsü aparmaq olar.
Lakin Vüqar öz qələbəsini onu sevənlərin ona olan sevgisi və ehtiramı ilə qazanıb. İllər ötəcək, lakin həmin qələbənin memarı daim xatırlanacaq.
Anar