Bu gün Milli Gimnastika Arenasında "Böyük Dəbilqə" turnirinin açılış mərasimi keçirilib.
Mərasimdə Beynəlxalq Cüdo Federasiyasının (BCF)prezidenti Marius Vizer və Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev iştirak ediblər.
ACF-in prezidenti Rəşad Nəbiyev açılış nitqində qeyd edib ki, Hidayət Heydərov və Zelim Kotsoyev eyni ildə həm dünya, həm də Olimpiya çempionu olmaqla tarixi nailiyyətə imza atıblar. Azərbaycanın cüdo sahəsində aparıcı ölkələrdən birinə çevrildiyi vurğulanaraq, bu uğurların Prezident İlham Əliyevin idmana göstərdiyi dəstək və qayğının nəticəsi olduğu bildirilib. Qeyd edilib ki, məqsəd yalnız tatamidə çempionlar yetişdirmək deyil, eyni zamanda güclü, sağlam və ləyaqətli vətəndaşlar formalaşdırmaqdır. Turnirin keçirilməsinin ölkədə cüdonun inkişafına mühüm töhfə verdiyi bildirilib və yarışın baş tutmasında göstərdiyi dəstəyə görə Marius Vizerə təşəkkür edilib.
Daha sonra BCF-in prezidenti Marius Vizer çıxış edərək Azərbaycan cüdo ailəsini Paris Olimpiadasında qazandığı uğurlara görə təbrik edib və ölkənin cüdonun inkişafı və təşviqi üçün həyata keçirdiyi sosial proqramları yüksək qiymətləndirib. BCF-in prezidenti iştirakçılara uğurlar arzulayaraq qeyd edib ki, Azərbaycan texnologiya, innovasiya və gənclər ölkəsidir və buradakı mühitdən zövq almaq lazımdır. Daha sonra M. Vizer Bakı Böyük Dəbilqə turnirinin rəsmi açılışını elan edib.
Mərasimin sonunda Azərbaycan Respublikasının və Beynəlxalq Cüdo Federasiyasının himnləri səsləndirilib.