Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən hər il mart ayının 5-i Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd edilir. Ölkəmizdə idmanın inkişafı ildən-ilə daha geniş vüsət alır. İndi Azərbaycan dünyada güclü idman ölkəsi kimi tanınır.
Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd olunması təsadüfi deyil. 1995-ci il martın 5-də ümummilli lider Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb. “İdmana qayğını öz üzərimə götürürəm və siz bu qayğını daim hiss edəcəksiniz” - ulu öndərin bu tarixi sözləri söylədiyi həmin tədbirdə bədən tərbiyəsi və idmanın inkişafında yeni strateji istiqaməti müəyyənləşdirib və İdman Fondu təsis edilib. 2006-cı ildə Prezident İlham Əliyevin Fərmanı ilə Gənclər və İdman Nazirliyi yenidən təşkil edilib.
1997-ci ildən Milli Olimpiya Komitəsinə rəhbərlik edən Prezident İlham Əliyevin uğurlu idman siyasəti nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkəsinə çevrilib. Ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət ildən-ilə daha da artır. Dövlətimizin başçısının idmanı sevməsi, idmançılara xüsusi həssaslıqla yanaşması, onların peşəkarlıqlarının artırılmasına göstərdiyi davamlı qayğısı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, Olimpiya İdman komplekslərinin və idman bazalarının yaradılması haqqında qərarları buna əyani sübutdur.
Afina-2004 Yay Olimpiya Oyunlarından sonra Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamı idmanımızda yeni bir səhifə açıb. Bu isə növbəti Olimpiya Oyunlarında uğurlu çıxışla nəticələnib. Atletlərimiz Afina Olimpiadasında 1 qızıl, 4 bürünc medal qazanmışdılarsa, 2008-ci ildə Pekində keçirilən Olimpiya Oyunlarında 1 qızıl, 1 gümüş, 4 bürünc olmaqla 6 medala yiyələniblər. Prezident İlham Əliyevin Sərəncamı ilə “İdman İli” elan edilən 2012-ci il də Azərbaycan idmançıları üçün uğurlu olub. Komandamız Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarında daha yaxşı nəticə göstərib. London Olimpiadasında idmanın 16 növü üzrə 53 idmançı ilə təmsil olunan Azərbaycan iki qızıl, iki gümüş və beş bürünc medal qazanıb. 2016-cı ildə Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında isə Azərbaycan milli komandası medal sayına görə 14-cü yerdə qərarlaşıb. İdmançılarımız milli komandamızın aktivinə 18 medal yazdırıblar.
Tokio-2020 Yay Olimpiya Oyunlarına 44 idmançı ilə yollanan Azərbaycan komandası dördilliyin zirvə yarışını 3 gümüş və 4 bürünc medalla başa vurub. Ötən il Fransanın paytaxtı Paris şəhərində XXXIII Yay Olimpiya keçirilib. İyulun 26-dan avqustun 11-dək keçirilən Oyunlarda Azərbaycan komandası 7 medalla (2 qızıl, 2 gümüş və 3 bürünc) 30-cu yeri tutub.
Paytaxtımız mötəbər idman yarışlarının keçirildiyi mərkəzə çevrilib
Bu gün nəinki Bakıda, ölkəmizin bütün bölgələrində müasir Olimpiya İdman kompleksləri tikilib, çoxsaylı idman mərkəzləri uğurla fəaliyyət göstərir. İdman sahəsində əsl yüksəliş dövrünü yaşayan Azərbaycanda mükəmməl idman infrastrukturu yaradılıb. Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Bakı Su İdmanı Sarayı və digər möhtəşəm idman obyektləri bunun göstəricisidir. Bütün bunlar ölkəmizi beynəlxalq yarışların, dünya çempionatlarının keçirilməsi üçün əlverişli məkana çevirib. Təsadüfi deyil ki, belə möhtəşəm idman qurğuları 2012-ci ildə futbol üzrə 17 yaşlı qızlar arasında dünya çempionatının, 2015-ci ildə birinci Avropa Oyunlarının, 2016-cı ildə futbol üzrə 17 yaşadək oğlanlar arasında Avropa çempionatının, 42-ci Ümumdünya Şahmat Olimpiadasının, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının və qadınlar arasında voleybol üzrə Avropa çempionatının, 2020-ci ildə bədii gimnastika üzrə dünya çempionatının, 2023-cü ildə taekvondo üzrə dünya çempionatının, habelə Formula-1 üzrə Azərbaycan Qran-prilərinin yüksək səviyyədə təşkil olunmasına imkan verib.
Azərbaycanın idman tarixində ən mühüm hadisələrdən biri də 2021-ci il futbol üzrə Avropa çempionatının final mərhələsinin qrup görüşlərinin üç, dörddəbir finalın isə bir oyununun Bakıda keçirilməsi olub. Bakı bu mötəbər idman yarışına ev sahibliyi edən 12 Avropa şəhərindən biri kimi tarixə düşüb.
İşğaldan azad olunmuş ərazilərdə ilk beynəlxalq idman yarışı
Daim Azərbaycan bayrağını qürurla dalğalandırmaq üçün bütün yarışlarda yüksək əzmkarlıqla mübarizə aparan idmançılarımız Vətən müharibəsində də eyni amalla - üçrəngli bayrağımızın əzəli torpaqlarımızda ucaldılması üçün cəbhəyə yolanıblar. 44 günlük Vətən müharibəsində 988 nəfər idmançı döyüşlərdə iştirak edib. Onlardan 320 nəfər şəhidlik zirvəsinə ucalıb. 2020-ci ildə pandemiya səbəbindən beynəlxalq yarışlarda iştirak edə bilməyən Azərbaycan idmançıları Zəfər salnaməsini bu dəfə öz canları və qanları ilə Vətən müharibəsinin döyüş meydanlarında yazıblar. Beynəlxalq arenalarda yüksək qələbələr qazanaraq, Azərbaycanın bayrağını ucaldan, dövlət himnimizin səsləndirilməsinə nail olan atletlərimiz bu əbədi Zəfər yolunun layiqli davamçıları olduqlarını sübut ediblər. Azərbaycan 2023-cü il sentyabr ayının 19-da günorta saatlarında Qarabağda öz ərazisində suverenliyi təmin etmək üçün lokal xarakterli antiterror əməliyyatına başlayıb. Bir gündən də az müddət ərzində həyata keçirilən lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan öz suverenliyini bərpa edib və qanunsuz erməni silahlı birləşmələrini öz mövqelərindən çıxarıb. Bununla da Azərbaycan dövlət olaraq öz gücünün möhtəşəmliyini həm hərbi, həm də siyasi arenada göstərib. Hərbi addımlarını siyasi gedişlərlə tamamlayan Azərbaycan dövləti öz qələbəsində kimsənin şübhəsinə yer buraxmayıb.
Bu gün sevindirici məqamlardan biri də ondan ibarətdir ki, azad olunmuş torpaqlarda artıq idman tədbirləri təşkil olunur. 2022-ci il martın 20-də Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası tərəfindən Tərtər rayonunun Suqovuşan qəsəbəsində ilk avarçəkmə təlim-məşq toplantısının rəsmi açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər. Xüsusi vurğulanmalıdır ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Suqovuşan qəsəbəsinə bu səfəri işğaldan azad olunan ərazilərdə ilk idman tədbirinin təşkili ilə də yadda qalıb. Həmin il mayın 6-da Suqovuşan qəsəbəsində avarçəkmə, kayak və kanoe üzrə “Prezident kuboku-2022” reqatası start götürüb. İşğaldan azad olunmuş ərazilərdə ilk beynəlxalq idman yarışı olan bu turnir ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilib.
Həmin ilin oktyabr ayının 21-də Suqovuşanda Avropa Kanoe Assosiasiyasının rəsmi təqvim planında yer alan “Mingəçevir Reqatası-2022” beynəlxalq turnirinin açılış mərasimi və ilk yarış günü təşkil edilib. Bundan başqa 2022-ci ilin oktyabr ayının 22-də Zəngilan rayonunun Ağalı kəndində “Zəfər yürüşü” adlı triatlon turniri keçirilib.
2023-cü il mayın 4-də Suqovuşan su anbarında ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən “Prezident Kuboku-2023” beynəlxalq reqatasının açılış mərasimi keçirilib.
2023-cü il dekabrın 21-də işğaldan azad olunan Xankəndi şəhərində tarixi futbol matçı keçirilib. Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOIK komandaları qarşılaşıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da oyuna baxmaq üçün stadiona gəliblər.
2024-cü ilin fevral ayında Azərbaycan idmanı daha bir tarixi hadisəyə - Xankəndi - Bakı ultramarafonuna şahidlik edib. Fevralın 29-da Xankəndidə tarixi startı verilən marafonun iştirakçıları 380 km məsafəni qət edərək, martın 4-də Bakı şəhərində finişə çatıblar.
Ötən il ölkəmizdə bir sıra tədbirlər təşkil olunub. İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyaya Tərəf Ölkələrin 9-cu Konfransı (COP9) Bürosunun 1-ci rəsmi görüşü də paytaxtımızda təşkil edilib. Beynəlxalq Xizək Alpinizmi Federasiyasının 17-ci Plenar Assambleyası, COP29-la əlaqədar Bakıda “Təmiz suda avar çək!” yürüşü, Beynəlxalq Çövkən Federasiyasının ilk Baş Assambleyası, Beynəlxalq Çövkən Federasiyasının növbədənkənar 2-ci Baş Assambleyası, çövkən üzrə beynəlxalq seminar, Avropa Cüdo Birliyinin (EJU) Tibb Komissiyasının Beynəlxalq Tibbi Seminarı da ölkəmizdə uğurla təşkil olunub. Bundan başqa 2026-cı il dünyanın “İdman Paytaxtı”na namizədliklə bağlı Bakı şəhərində təqdimat olub, sevindirici haldır ki, Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyasının qərarı ilə Bakı şəhəri 2026-cı il üçün dünyanın “İdman Paytaxtı” seçilib.
2024-cü ildə ölkəmizdə idman infrastrukturunun möhkəmləndirilməsi istiqamətində də bir çox işlər görülüb. Ölkəmizin ikinci ən böyük şəhəri olan Gəncədə Qafqazın ən böyük idman mərkəzi - Gəncə İdman Sarayının açılışı olub.
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 9-da Gəncə İdman Sarayının açılışında iştirak edib. Bundan başqa, Prezident İlham Əliyev Gəncə şəhər stadionunun da təməlini qoyub. 2024-cü ildə Ağdam şəhərində “İmarət” stadionunun təməli qoyulub. Cari ildə həmçinin bir sıra idman zalları da istifadəyə verilib.
Ötən il dekabrın 24-də 2024-cü ilin idman yekunlarına həsr olunan mərasim keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Təsadüfi deyil ki, mərasimdə çıxış edən Prezident İlham Əliyev 2024-cü ili nəticə etibarilə uğurlu il adlandırıb.
Təbii ki, ölkəmizin idman sahəsindəki uğurları davam etməkdədir. Belə ki, bu il ölkəmiz III MDB Oyunlarına ev sahibliyi edəcək. Bu mötəbər yarış Gəncə başda olmaqla, Azərbaycanın 14 şəhərində keçiriləcək. Ümumiyyətlə, isə III MDB Oyunlarında 7 min idmançının iştirakı gözlənilir. Bundan başqa ölkəmiz 2025-ci ildə Formula-1 üzrə Azərbaycan Qran-Prisinə, 3x3 basketbol üzrə Dünya Kubokunun seçmə mərhələ oyunlarına, minifutbol üzrə dünya çempionatına və bir sıra mötəbər idman yarışlarına ev sahibliyi edəcək. İnanırıq ki, bu il idmanın bütün istiqamətlərində uğur qazanacağıq. 2025-ci ildə birlikdə daha güclü olduğumuzu yarış meydanlarında da sübut edəcəyik.