Bakıda Dünya Kubokunun açılış mərasimi keçirilib 

Bakıda Dünya Kubokunun açılış mərasimi keçirilib 

Martın 6-da Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib.

Milli Gimnastika Arenasında təşkil edilən tədbirdə əvvəlcə iştirakçı ölkələr təqdim olunub. Ardınca dövlət bayraqları arenanın mərkəzinə gətirilib.

Gənclər və idman naziri Fərid Qayıbov hər il respublikamızda gimnastika növləri üzrə keçirilən mötəbər yarışlar və qazanılan nailiyyətlər barədə məlumat verib. Nazir bu yarışın Azərbaycanda idman gimnastikasının inkişafında və təbliğində əhəmiyyətli rol oynayacağını, idmançıların təcrübə əldə etmələrinə şərait yaradacağını söyləyib.

Sonra Dünya Kuboku açıq elan olunub və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbir daha sonra bədii hissə ilə davam edib.

Qeyd edək ki, Dünya kubokunda 19 ölkənin təmsilçiləri çıxış edirlər.

yarışda ölkəmizi kişilər arasında Nikita Simonov (halqalar), İvan Tixonov (turnik), Rəsul Əhmədzadə (sərbəst hərəkətlər, dəstəli at), Mənsum Səfərov (dayaqlı tullanma, turnik), Murad Ağarzayev (sərbəst hərəkətlər), Ramin Dəmirov (paralel qollar), qadınlar arasında Nazənin Teymurova (6 alətin hər birində) və Dəniz Əliyeva (6 alətin hər birində) təmsil edirlər.

Yarışın ilk iki günündə təsnifat mərhələsi keçiriləcək. Kişilər sərbəst hərəkətlər, paralel qollar və halqalarda, qadınlar isə dayaqla tullanma və müxtəlif hündürlüklü qollarda mübarizə aparacaqlar. 

Martın 7-də kişilər üçün dayaqla tullanma, dəstəli at və turnikdə, qadınlar üçün isə gimnastika tiri və sərbəst hərəkətlərdə təsnifat yarışları keçiriləcək. Daha sonra finallar olacaq.

Martın 8-də kişilərin yarışında sərbəst hərəkətlər, paralel qollar və halqalarda, qadınlarda isə dayaqla tullanma və müxtəlif hündürlüklü qollarda qaliblər müəyyənləşəcək. 

Martın 9-da isə qalan növlərdə - kişilərdə dayaqla tullanma, dəstəli at və turnikdə, qadınlarda isə gimnastika tiri və sərbəst hərəkətlərdə medalçılar məlum olacaq.

Dörd gün davam edəcək yarışların yekununda, həmçinin ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.

Bakıda Dünya Kubokunun açılış mərasimi keçirilib