Beynəlxalq Şahmat Federasiyası (FİDE) aprel ayı üçün yenilənmiş reytinq siyahısını açıqlayıb. Azərbaycanın aparıcı şahmatçıları ötən ayla müqayisədə geriləyiblər.
Kişilər arasında ən yüksək reytinqə malik qrossmeyster Şəhriyar Məmmədyarov (2748) 13-cü pilləyə düşüb. Teymur Rəcəbov (2692) 39-cu, Rauf Məmmədov (2657) isə 69-cu sırada qərarlaşıb. Məmmədyarov və Məmmədov 2, Rəcəbov isə 4 pillə geriləyib. Kişilər arasında dünya reytinqinə norveçli Maqnus Karlsen (2837) başçılıq edir.
Qadın şahmatçılar arasında Azərbaycanı təmsil edən Gövhər Beydullayeva (2400) 45-ci, Günay Məmmədzadə (2390) isə 53-cü pillədədir. Hər iki şahmatçı ötən ayla müqayisədə 2 pillə geriləyib. Ülviyyə Fətəliyeva (2387) 57-ci, Xanım Balacayeva (2358) isə 85-ci pillədəki mövqeyini qoruyub. Qadın şahmatçıların siyahısına çinli Yifan Hou (2633) liderlik edir.