Qrossmeysterimiz bu ilin ilk reytinq cədvəlində 12-ci yerdə qərarlaşdı

Qrossmeysterimiz bu ilin ilk reytinq cədvəlində  12-ci yerdə qərarlaşdı


Gənc şahmatçılarımız əmsallarını və 
mövqelərini dəyişiblər

İlin əvvəlində diqqət çəkən idman hadisələrindən biri Beynəlxalq Şahmat Federasiyasının (FİDE) yanvar ayı üçün tərtib etdiyi yeni reytinq cədvəlini açıqlaması oldu. İlin əvvəlində Vüqar Həşimov kimi dünya səviyyəli idmançısını itirən ölkəmizin digər təmsilçiləri reytinq cədvəlində yer alıblar. FİDE reytinqində ən yaxşı göstəriciyə malik olan qrossmeysterimiz Şəhriyar Məmmədyarovun cədvəldəki əmsalı dəyişməz qalıb - 2757 xal. Lakin bu əmsal onun dekabrda yiyələndiyi yer üçün kifayət etməyib. Şahmatçımız yanvarda 12-ci yerə düşüb. Əmsallarını artıran rusiyalı şahmatçılar -  Sergey Karyakin (2759) və Petr Svidler (2758) şahmatçımızı bu pilləyə endiriblər. 

Yaxın keçmişdə FİDE reytinqinin 4-cü pilləsinə qədər yüksələn Teymur Rəcəbov (2713), dekabrda olduğu kimi, mövqeyini qoruyub: Qrossmeysterimiz 34-cüdür. Milli komandamızın üzvlərindən ən çox irəliləyən Rauf Məmmədovdur. Gənc şahmatçımız əmsalına 3 xal əlavə edib - 2659 xal. Hazırda o, 6 pillə irəliləyərək, 85-ci sırada qərarlaşıb. 
Dünyanın ən güclü kişi şahmatçılarının reytinq cədvəlində norveçli dünya çempionu Maqnus Karlsen (2872) hegemonluğunu davam etdirir. Şahmat tacının yeni sahibi həm yerini, həm də əmsalını toxunulmaz saxlayıb. Lakin onu daban-dabana izləyən ermənistanlı Levon Aronyan (2812) əmsalını xeyli artırıb - 9 xal. Rusiyalı keçmiş dünya çempionu Vladimir Kramnik (2787) gerilməkdə davam edir. Bu geriləmə daha çox Hikaru Nakmuranın (2789) işinə yarayıb. Belə ki, əmsalını 3 xal artıran yapon əsilli Amerika şahmatçısı ilk üçülükdə yer alıb. 
Dünyanın ən güclü qadın şahmatçılarının siyahısında ilk üçlük dəyişməyib. Macarıstanlı Yudit Polqar (2693), çinli Yifan Hu (2629) və hindistanlı Humpi Koneru (2613) mövqelərini toxunulmaz saxlayıblar. 
Oğlan şahmatçıların siyahısında lider əvvəlki kimi hollandiya təmsilçisi Aniş Qiridir - 2734 xal. 
Bu kateqoriya üzrə çıxış edən şahmatçılarımız da siyahıda yer alıblar. Onlar yanvar ayı üçün reytinq cədvəlində xeyli irəliləyiblər. Nicat Abbasov (2517) 49-cu yerdən 31-ci yerə, Ülvi Bacarani (2504) 57-ci yerdən 38-ci yerə, Zaur Məmmədov (2432) isə 85-ci yerdən 78-ci yerə yüksəliblər. 
Yifan Hunun liderlik etdiyi qızların reytinq cədvəlində cəmi iki şahmatçımız yer alıb. Halbuki dekabr ayına qədər cədvəldə 4 azərbaycanlı xanım şahmatçının adına rast gəlinirdi. İki şahmatçıdan biri Səbinə İbrahimovadır. Ötən ay 2205 əmsalla 57-ci olan Səbinə yeni ildə böyük sıçrayış edib. O, hazırkı cədvəldə 2232 əmsalla 31 ən güclüdən biridir. Siyahıda yer alan digər təmsilçimiz isə Nərmin Xələfovadır. O, dekabrda 2148 əmsalla 90-cı idi. Yanvarda isə gənc şahmatçımız 2171 əmsalla 54-cü yerə layiq görülüb.
Milli komandaların reytinq cədvəlinə gəldikdə isə, kişilərdən ibarət yığmamız yeni cədvəldə 1 pillə irəliləyib. Əmsalına 8 xal əlavə edən Avropa çempionu hazırda 2624 əmsala malikdir. Qadınlardan ibarət yığmamız isə yanvar ayı üçün tərtib olunan reytinq cədvəlinə 2 xal əlavə etsə də, əvvəlki kimi 22-ci yerdən tərpənməyib.