Zəruri iqtisadi baza olmadığı üçün Stokholm 2022-ci il Qış Olimpiya Oyunlarının ev sahibi olmaq üçün namizədliyini geri götürüb. Bunu İsveç paytaxtının meri Sten Norvin bəyan edib. "Hazırda mən olimpiadaya hazırlığı Şəhər Şurasının əsas prioritetinə çevirməyi tövsiyə edə bilmərəm. "Hə” demək "yox” deməkdən həmişə xoşdur, lakin bizim belə çətin qərarlar qəbul etməyə haqqımız var”, - deyə Norvin bildirib.
Bununla da 2022-ci il Qış Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün Almatı (Qazaxıstan), Pekin (Çin), Krakov (Polşa), Lvov (Ukrayna) və Oslo (Norveç) şəhərləri mübarizə aparacaqlar.
Qeyd edək ki, 2022-ci il Qış Olimpiya Oyunlarının paytaxtı 2015-ci il iyulun 30-da Kuala-Lumpurda (Malayziya) Beynəlxalq Olimpiya Komitəsinin 127-ci sessiyasında seçiləcək.
Xatırladaq ki, 2018-ci il Qış Olimpiya Oyunlarına Cənubi Koreyanın Pxençxan şəhəri ev sahibliyi edəcək.