Qəbələ-Xankəndi ultramarafonunun ilk mərhələsinə yekun vurulub. İştirakçılar Qəbələ şəhərindən start götürərək Ağdaşadək olan 55 kilometr məsafəni qət ediblər.
Birinci mərhələnin qalibi türkiyəli atlet Üzeyir Söyləməz olub. İkinci yeri onun həmyerlisi Ömər Alkanoğlu, üçüncü yeri isə gürcü idmançı Giorgi Lomidze tutub.
Yarışda ümumilikdə 81 atlet iştirak edir. Onlardan 23-ü qadın, digərləri isə kişi idmançılardır. Ultramarafona Türkiyə, Ukrayna, Rusiya, Moldova və Gürcüstankimi ölkələrdən olan atletlər də qatılıblar.
“İdman Paytaxtı” statuslu Qəbələ şəhərindən start götürən marafonun iştirakçıları ümumilikdə 192 kilometr məsafə qət edərək Xankəndi şəhərində finişə çatacaqlar.
Marafonun növbəti mərhələlərində iştirakçılar Ağdaş-Bərdə (65 km), Bərdə–Ağdam (44 km) və Ağdam-Xankəndi (28 km) marşrutları üzrə yarışacaqlar. Hər mərhələnin qalibləri ayrıca təltif olunacaq. Ultramarafonun yekun nəticələrinə əsasən ümumi qaliblər müəyyənləşdiriləcək və onlar baş mükafata layiq görüləcəklər.