Lənkəranda “Sağlamlığa Doğru Qaç!” adlı qaçış yarışı təşkil edilib

Lənkəranda “Sağlamlığa Doğru Qaç!” adlı qaçış yarışı təşkil edilib

Lənkəran rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Sağlamlığa Doğru Qaç!” adlı qaçış yarışı təşkil olunub. Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini dərin ehtiramla yad ediblər. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətənimizin azadlığı uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Yarışda Lənkəran, Yardımlı, Masallı, Lerik, Astara və Cəlilabad rayonlarının Səhiyyə İşçiləri Həmkarlar İttifaqı şuralarını təmsil edən 150 nəfərə yaxın iştirakçı mübarizə aparıb. İdmançılar yarışın şərtlərinə uyğun olaraq 5 kilometr məsafəni uğurla başa vurublar.

Gərgin mübarizə şəraitində keçən qaçışda qadınlar arasında birinciliyi Astara Rayon Mərkəzi Xəstəxanasının əməkdaşı Zəhra Hüseynova qazanıb. İkinci yerə Lənkəran Rayon Mərkəzi Xəstəxanasından Fəranə Həsənova, üçüncü yerə isə Lənkəran Tibb Kollecinin nümayəndəsi İlahə Səfərzadə layiq görülüb.

Kişilər arasında birinci yeri Lənkəran Tibb Kollecinin təmsilçisi Elşən Məmmədli, ikinci yeri Lənkəran Rayon Mərkəzi Xəstəxanasının əməkdaşı Mircavid Talışov, üçüncü yeri isə Lənkəran Tibb Kollecinin üzvü Nurlan Talıblı tutub.

İlk üç yeri tutan qaliblərə diplom, medal və mükafatlar təqdim olunub. Qaliblər həmçinin Xankəndi şəhərində keçiriləcək final yarışına vəsiqə qazanıblar.