"Azərbaycan Kaneo və Avarçəkmə Federasiyası bu gün yeni inkişaf dövrünü yaşayır. Biz bunun Suqovuşanda bir daha canlı şahidi olduq".
Bu sözləri Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov Suqovuşanda start götürən "Prezident Kuboku-2025" beynəlxalq reqatası barədə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu cür beynəlxalq səviyyəli turnirlərin təşkili ölkəmizin idman dünyasındakı nüfuzunun artmasına xidmət edir:
"Suqovuşan və Mingəçevir növbəti dəfə ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan "Prezident Kuboku-2025" beynəlxalq reqatasına ev sahibliyi edir. Budəfəki yarışda digərlərindən fərqli olaraq üç qitəni təmsil edən 20-dən çox idmançı mübarizə aparır. Yarışların yüksək səviyyədə təşkil olunması ölkəmizin beynəlxalq səviyyədə tanıdılmasında və idman ölkəsi kimi imicinin formalaşmasında müsbət rol oynayır. Yarışdan böyük nəticələr gözləyirik. Bilirisiniz ki, bu idman növü dünyada çox sevilir. Bu idman növü üzrə dünya və Avropa çempionatları təşkil olunur. Yay Olimpiya Oyunlarında avarçəkmə növü üzrə böyük rəqabət hökm sürür. Biz də öz növbəmizdə çalışırıq ki, avarçəkmə idman növü Azərbaycanda daha da populyarlaşsın. İdmançılarımızın bu yarışlarda böyük təcrübə toplaması əsas şərtdir. Məqsədimiz odur ki, həmin yeniyetmə və gənclər gələcəkdə ölkəmizi nüfuzlu yarışlarda layiqincə təmsil etsinlər", - deyə Azad Gözəlov qeyd edib.
Qeyd edək ki, "Prezident Kuboku-2025" reqatasına mayın 1-2-də Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçiriləcək yarışlarla yekun vurulacaq.
Azad Gözəlov: "İdmançılarımızın bu yarışlarda böyük təcrübə toplaması əsas şərtdir"
