"Suqovuşanda keçirilən “Prezident Kuboku-2025” beynəlxalq reqatası bu il daha geniş coğrafiyanı əhatə edib. Turnirdə Avropa ilə yanaşı, Asiya və Afrika qitələrini təmsil edən komandaların iştirakı yarışın beynəlxalq nüfuzunun ildən-ilə artdığını sübut edir".
Bu sözləri bu gün Suqovuşanda start götürən "Prezident Kuboku-2025" beynəlxalq reqatasının açılış mərasimində jurnalistlərə müsahibəsində Avropa Kanoe Assosiasiyasının prezidenti Jan Zunqrana deyib.
O, bu ilki reqatada ilk dəfə iştirak edən komandaların da yer aldığını vurğulayaraq, rəhbərlik etdiyi qurumun turnirə artan beynəlxalq marağı daim diqqətdə saxladığını qeyd edib.
"Suqovuşana ilk səfərim iki il əvvəl baş tutsa da, bu dəfə gördüklərim məni daha da heyrətləndirdi. Yarışın coğrafiyasının genişlənməsi, iştirakçı ölkələrin artması reqatanın beynəlxalq səviyyəyə yüksəldiyini göstərir. Həm Füzulidə, həm Suqovuşanda, həm də Mingəçevirdə yaradılan infrastruktur məni həqiqətən də təəccübləndirdi. Artıq biz deyə bilərik ki, Azərbaycan avarçəkmə idman növünün vətəninə çevrilib”, deyə Jan Zunqrana vurğulayıb.
O, həmçinin qeyd edib ki, gələcəkdə bu yarışlara marağın daha da artacağı gözlənilir və bu baxımdan Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının fəaliyyətini yüksək qiymətləndirib:
“Çox şadam ki, gələcəkdə bu yarışlara maraq daha çox olacaq. Mən xüsusən bu istiqamətdə Azərbaycan Kaneo və Avarçəkmə Federasiyasının gördüyü işləri xüsusi olaraq qiymətləndirirəm”, - deyə Jan Zunqrana əlavə edib.
Qeyd edək ki, "Prezident Kuboku-2025" reqatasına mayın 1-2-də Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçiriləcək yarışlarla yekun vurulacaq.
Jan Zunqrana: "Yarışın coğrafiyasının genişlənməsi reqatanın beynəlxalq səviyyəyə yüksəldiyini göstər"

