Paytaxtın möhtəşəm idman arenalarından biri olan Milli Gimnastika Arenası bu dəfə incəliyin, dəqiqliyin və estetik gücün nümayişinə ev sahibliyi etdi. Dörd gün davam edən bədii gimnastika üzrə Avropa Kubokunda şəhərimiz bir daha Avropanın idman mərkəzlərindən biri olduğunu təsdiqlədi. Turnir çərçivəsində keçirilən yarışlar dörd gün ərzində müxtəlif proqramlar üzrə təşkil olundu. Yarışın sonuncu - dördüncü günündə gənc gimnastlar ayrı-ayrı alətlər üzrə həm fərdi, həm də qrup hərəkətləri proqramlarında bacarıqlarını nümayiş etdirdilər. Yarışlar idmançılar və tamaşaçılar üçün maraqlı idman mübarizəsi ilə yadda qaldı.
Fərdi proqramda halqalarla hərəkətlərin icrasında Azərbaycan gimnastı Şəms Ağahüseynovabürünc meala layiq görüldü.
Qrup hərəkətləri üzrə komandaların yarışlarında Azərbaycan milli komandası iki dəfə fəxri kürsüyə yüksəldi. Beş halqa proqramında Azərbaycan komandası - Nəzrin Abdullayeva, Ayan Nəsirova, Nəzrin Salmanlı, İlahə Bahadırova, Şəms Müvəffəqi və Nilufər Orucludan ibarət kollektiv - üçüncü yeri tutdu. Yığmamız beş gürzə proqramında da bürünc medala yiyələndi.
Qeyd edək ki, Avropa Kubokunda ümumilikdə 25 ölkədən 170-dən çox gimnast iştirak edirdi.
Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna yekun vuruldu
