Fərid Mansurov: “Sevinirik ki, belə istedadlı və fəal gənclərimiz var”

Fərid Mansurov: “Sevinirik ki, belə istedadlı və fəal gənclərimiz var”

“OCEP layihəsi çərçivəsində belə tədbirlərin təşkili idman və təhsil arasında vəhdət yaradaraq, gənclərin həm fiziki inkişafına, həm də intellektual bacarıqlarının formalaşmasına töhfə verir”.

Bu sözləri Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Olimpiya çempionu Fərid Mansurov bu gün “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” (OCEP) çərçivəsində ümummilli lider Heydər Əliyevin 102-ci ildönümünə həsr edilmiş idman festivalından sonra “Olimpnews.az”-a müsahibəsində bildirib.

OCEP layihəsinin əhəmiyyətindən danışan MOK rəsmisi qeyd edib ki, bu layihə 2019-cu ildən etibarən MOK tərəfindən uğurla həyata keçirilir.

“Bu gün Səbail rayonu Məmməd Rahim adına 7 saylı tam orta məktəbin təşkilatçılığı ilə “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” çərçivəsində ümummilli lider Heydər Əliyevin 102-ci ildönümünə həsr edilmiş idman festivalı keçirildi. Sahil bağında belə bir tədbirin təşkil olunması tədbiri izləyənlər və iştirakçılar üçün əsl bayram əhval-ruhiyyəsi yaratdı. Tədbirdə məktəblilərimizin idman vərdişlərini və nümunəvi çıxışlarını izlədik. Qeyd edim ki, OCEP layihəsi 2019-cu ildən Milli Olimpiya Komitəsi tərəfindən həyata keçirilir. Bu layihə Olimpiya Hərəkatı və onun hörmət, dostluq və mükəmməllik dəyərlərini özündə ehtiva edir. Layihə çərçivəsində bizim bir çox məktəblərimiz Avropa məktəbləri ilə əməkdaşlıq edirlər. Bu gün tədbirin təşkilatçısı olan 7 saylı Məmməd Rahim adına məktəbin də Niderland Krallığını təmsil edən məktəblə əməkdaşlığı var. Fikrimcə, çox maraqlı tədbirə şahidlik etdik. Sevinirik ki, belə istedadlı və fəal gənclərimiz var”, - deyə Fərid Mansurov bildirib.