"Azərbaycanda təşkil olunan "Prezident Kuboku" reqatası daha böyük və nüfuzlu turnirlərə ev sahibliyi etməsi yolunda mühüm bir sınaq xarakteri daşıyır".
Bu barədə Avropa Kanoe Assosiasiyasının (ECA) prezidenti Jan Zunqrana olimpnews.az-a müsahibəsində bildirib.
ECA rəhbəri qeyd edib ki, Azərbaycan son illərdə idman sahəsində qazandığı uğurlarla beynəlxalq arenada diqqət mərkəzinə düşüb və bu cür yarışların təşkili ilə daha geniş miqyaslı turnirlərə hazır olduğunu sübut edir:
"Prezident Kuboku yarışları Azərbaycanın gələcəkdə daha mötəbər turnirlərə ev sahibliyi etməsi üçün əla fürsətdir. Bu, həm də bir növ sınaq xarakteri daşıyır. Nümayəndə heyətimiz Azərbaycana səfəri çərçivəsində infrastrukturla yaxından tanış olub və yarışların təşkili ilə bağlı müsbət təəssüratlar əldə edib. Fikrimcə, daha böyük yarışların təşkili üçün Azərbaycanın potensialı olduqca yüksəkdir. Əgər əməkdaşlığımızı davam etdirsək, 2027-ci ildə və sonrakı illərdə Azərbaycan dünya və Avropa çempionatlarına ev sahibliyi edə bilər".
Avropa Kanoe Assosasiyasının prezidenti: "Azərbaycan dünya və Avropa çempionatlarına ev sahibliyi edə bilər"
