Şahmatçılara mükafat verildi

Şahmatçılara mükafat verildi

Azərbaycan Şahmat Federasiyasının mənzil-qərargahında, 2013-cü ilin yekunlarına görə, dünya və Avropa çempionatlarında fərqlənən, beynəlxalq normaları ödəyən şahmatçıların mükafatlandırılması mərasimi olub.
Mərasimdə iştirak edənlər əvvəlcə beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Daha sonra federasiyanın vitse-prezidenti Faiq Həsənov aşağı yaş qrupunda medal qazanmış şahmatçıların uğurlarının daim dövlətimizin diqqət mərkəzində olduğunu və bundan sonra da onlara dəstək veriləcəyini bildirib.
Qeyd edilib ki, 2013-cü ildə Azərbaycanın 6 şahmatçısı dünya və Avropa çempionatlarında 7 müxtəlif əyarlı medal qazanıb. Komanda hesabında gənc şahmatçılarımız Avropanın 49 ölkəsi arasında Rusiyadan sonra ikinci yerə layiq görülüblər. Tədbirdə bildirilib ki, 2013-cü ildə Qüdrət İsmayılov beynəlxalq hakim, Məcid Əfəndiyev FİDE-nin beynəlxalq təşkilatçısı, şahmatçılarımız Səbinə İbrahimova və Misrətdin İsgəndərov beynəlxalq usta, Miradil Zeynallı və Xanım Balacayeva FİDE ustalığına namizəd, Tofiq İsmayılov və Mehman Rzayev FİDE ustası normalarını yerinə yetiriblər.
Tədbirdə şahmatçılardan Aydın Süleymanlıya (8 yaşlılar arasında Avropa çempionu və dünya çempionatının bürünc mükafatçısı), Sənan Əliyevə (8 yaşlılar arasında Avropa çempionatının üçüncüsü), Günay Məmmədzadəyə (14 yaşlı qızlar arasında Avropa çempionu), Gövhər Beydullayevaya (10 yaşlı qızlar arasında sürətli şahmat üzrə Avropa çempionu), Səbinə İbrahimovaya (18 yaşlı qızlar arasında dünya çempionatının üçüncüsü) və Nicat Abasova (18 yaşlı oğlanlar arasında blits üzrə dünya çempionu) mükafatlar təqdim olunub.