Quba Olimpiya İdman Kompleksində beynəlxalq təlim-məşq toplanışı davam edir. Avropa Cüdo Birliyi və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə baş tutan hazırlıq prosesində 9 ölkədən 280-ə yaxın cüdoçu iştirak edir.
Olimpnews az Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, təlim düşərgəsində Azərbaycanın yeniyetmə oğlan və qızlardan milli komandaları ilə yanaşı, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Çexiya, Fransa və Beynəlxalq Cüdo Federasiyasını təmsil edən idmançılar yer alır.
Cüdoçularımıza yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərov, məşqçilər Nicat Şıxəlizadə, Kotaro Sasaki, yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov rəhbərlik edir.
Mayın 5-dən 7-dək davam edəcək təlim-məşq toplanışı iyun ayında Şimali Makedoniyanın paytaxtı Skopyedə keçiriləcək Avropa çempionatı və iyulda reallaşacaq Avropa Gənclər Olimpiya Festivalına hazırlıq xarakteri daşıyır.