"Artıq ənənəvi hal almış Autizm Festivalı bir neçə ildir ki, uğurla təşkil edilir".
Bu sözləri Türk Dövlətləri Autizm Federasiyasının fəxri prezidenti, millət vəkili Vüqar İsgəndərov V Autizm Festivalı zamanı Olimpnews.az-a müsahibəsində deyib.
O qeyd edib ki, tədbirin şəhərin mərkəzi hissəsində, Fəvvarələr meydanında, insanların daha çox toplaşdığı bir məkanda keçirilməsi bu məsələnin kütləviliyinə xidmət edir. "Təssüf ki, cəmiyyətimizdə autizm spektr pozuntusu ilə bağlı maariflənmə kifayət qədər deyil. Hələ də evlərdə autizm sindromlu uşaqlarla düzgün maarifləndirməyə ehtiyacı olan valideynlər var. Azərbaycan Autizm Assosasiyasının əsas məqsədi də məhz bu məsələyə diqqət yönəltmək və kütləviliyi artırmaqdır. Əgər bu spektr pozuntusunun müalicəsi çox erkən yaşlarda düzgün şəkildə aparılarsa, uşağın vəziyyətində əhəmiyyətli irəliləyişlər müşahidə oluna və bəzi hallarda tam sağalma da mümkün ola bilər. Bu gün dünyaya inteqrasiya olunduqda görürük ki, bu məsələ ilə bağlı tamamilə fərqli yanaşma var. Həmin yanaşmalardan ən birincisi idman növləri ilə məşğul olmaqdir. Praktika da bunu sübut edir ki, belə şəxslər mütəhərrik idman növləri ilə məşğul ola bilər və hətta yüksək nəticələr də əldə etmək mümkündür. Bir sözlə, burada əsas məsələ doğru və düzgün mütəxəssisin seçilməsidir. Bu gün rəhbərlik etdiyim Türk Dövlətləri Autizm Federasiyası özündə 7 dövləti birləşdirir. Bu qurumun mənzil qərargahı Bakıda yerləşir. Yaxın zamanlarda Türkiyədən başlayaraq digər türkdilli ölkələrdə də bu məsələlərin həlli istiqamətdə işlər görməyi nəzərdə tutmuşuq", - deyə Vüqar İsgəndərov bildirib.
Millət vəkili: "Təssüf ki, cəmiyyətimizdə autizm spektr pozuntusu ilə bağlı maariflənmə kifayət qədər deyil"
