Nurlan Aslanov: “Bu qələbənin arxasında ciddi hazırlıq və əzmkarlıq dayanır”

Nurlan Aslanov: “Bu qələbənin arxasında ciddi hazırlıq və əzmkarlıq dayanır”

İtaliyanın Peruca şəhərində keçirilən kunq-fu üzrə dünya çempionatında Azərbaycan milli komandasının qazandığı uğur ölkə idmanı üçün mühüm hadisəyə çevrilib. Dünya birinciliyində 5 qızıl və 2 gümüş medal qazanan yığmamız komanda hesabında üçüncü pilləyə yüksəlib.
Azərbaycan Kunq-Fu Federasiyasının prezidenti Nurlan Aslanov bu nailiyyəti yüksək qiymətləndirib. O, xüsusilə yarışda ilk dəfə beynəlxalq arenaya çıxaraq dünya çempionu tituluna sahib olan Əminə Əliyevanın çıxışını təqdir edib:
“Əminə Əliyeva ilk dəfə idi döyüş tatamisinə ayaq basırdı. Həyəcanlı olması təbiidir. Lakin döyüşün ilk saniyələrindən göstərdiyi cəsarət bizi heyrətləndirdi. Bu qələbənin arxasında ciddi hazırlıq və əzmkarlıq dayanır. Əminənin şəxsi məşqçisi federasiyamızın təcrübəli mütəxəssisi Babək Əliyevdir. O, illərin təcrübəsinə malik peşəkar məşqçidir”.
Nurlan Aslanov həmçinin komandanı dəstəkləyən bütün azarkeşlərə təşəkkürünü bildirib.