Emin Ağalarov: “Atası olaraq, Əminə ilə fəxr edirəm"

Emin Ağalarov: “Atası olaraq, Əminə ilə fəxr edirəm"

Kunq-fu üzrə İtaliyanın Peruca şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanan Əminə Əliyevanın uğuru ailəsi tərəfindən böyük sevinclə qarşılanıb.
Olimonews.az xəbər verir ki, bu barədə yeniyetmə çempionun atası, Xalq artisti Emin Ağalarov jurnalistlərə açıqlamasında danışıb. O, qızının ilk beynəlxalq turnirdə belə böyük nəticə əldə etməsini həm fəxr, həm də gözlənilməz uğur kimi dəyərləndirib:
“Bu, Əminənin iştirak etdiyi ilk beynəlxalq yarış idi və o, birinci yeri tutdu. Atası olaraq, mən Əminə ilə fəxr edirəm. O, yarışlara olduqca intensiv şəkildə hazırlaşdı. Gündə iki dəfə mənim nəzarətim altında ‘SeaBreeze’de məşq edirdi. Əminənin çox yaxşı məşqçi komandası var”.
Emin Ağalarov bildirib ki, hər anı həyəcanla izlədiyi döyüşlər qızı ilə bağlı inamını daha da artırıb:
“Düzünü desəm, bu qələbə xoş və eyni zamanda gözlənilməz oldu. Bütün seçim mərhələlərindən keçdi, toplanışlarda iştirak etdi və nəticədə mütləq birinci oldu. Onun uğuru mənim üçün böyük qürurdur. Böyük qardaşlarına artıq evdə qorxmalı olduğumuz biri var dedim”.
Emin Ağalarov sonda bildirib ki, Əminə peşəkar idman yolunu seçərsə, ailəsi onun bu qərarına tam dəstək verəcək.
Qeyd edək ki, Əminə Əliyeva dünya çempionatında 38 kq çəki dərəcəsində çıxış edərək “light sanda” növündə dünya çempionu adını qazanıb.