İki idmançı hədələndi

İki idmançı hədələndi


Avstriyanın Milli Olimpiya Komitəsi (MOK) Soçi-2014 Qış Olimpiya Oyunlarında 2 qadın idmançısının oğurlanacağı ilə hədələnib. Bu barədə Avstriya MOK-un baş katibi Piter Mennel açıqlama verib.
Mennel bildirib ki, komitəyə daxil olan məktubda naməlum şəxslər dağ xizəkçisi Marlis Şildlə skeletonçu Jannin Floku oğurlayacaqlarını yazıblar. MOK-un baş katibi bu barədə idmançıların xəbərdar edildiyini bildirib. Anonim məktub isə polisə təhvil verilib. Komitə idmançıların təhlükəsizliyi üçün müvafiq tədbirlər görüb. Belə ki, Soçidə Olimpiya kəndinin hüdudlarından kənarda avstriyalı idmançıları "Kobra” xüsusi təyinatlı birləşməsinin 2 əməkdaşı müşayiət edəcək.
Qeyd edək ki, 32 yaşlı Şild Turin-2006 Olimpiadasında 2 gümüş, Vankuver-2010 Olimpiadasında 1 bürünc, dünya çempionatlarında isə 2-si qızıl olmaqla 7 medal qazanıb. 24 yaşlı Flok isə 3 qat Avstriya çempionudur.
Maraqlıdır ki, əvvəllər Almaniya, İtaliya, Sloveniya və Macarıstan MOK-ları da hədə məktubu alıblar. Soçi-2014 Olimpiya Oyunları Təşkilat Komitəsi bu hədələri əsassız sayıb. Rusyia Prezidenti Vladimir Putin idmançıları və qonaqları olimpiadada təhlükəsizliklə bağlı narahat olmamağa çağırıb.