Andrey Filatov Rusiya Şahmat Federasiyasının (RŞF) yeni prezidenti vəzifəsinə seçilib. O, bu vəzifədə Rusiya Federasiyası Hökumətinin sədrinin müavini, 2010-cu ildən RŞF-nin rəhbəri vəzifəsini tutan Arkadi Dvorkovizi əvəz edib. Yeni dördillik müddətə prezident seçkisi Moskvada, Rusiya şahmatçılarının XII qurultayında keçirilib. A.Filatov bu vəzifəyə yeganə namizəd olub. Səsvermədə iştirak edən 77 nümayəndədən 75-i onun namizədliyini dəstəkləyib. Bir nəfər bitərəf qalıb, bir bülleten isə korlanıb.
2010-cu ildə ləğv edilən prezident vəzifəsi Şahmat Federasiyasının yeni Nizamnaməsi qəbul edilərkən yenidən təsdiqlənib.
A.Filatov 1971-ci il dekabrın 18-də Krivoy Roq şəhərində anadan olub. Sahibkarlqla məşğul olan Filatov, "N-Trans” nəqliyyat infrastruktur qrupunun mülkiyyətçilərindən biridir. Uşaq yaşlarından şahmatla maraqlanır, idmanın bu növünün Rusiyada inkişafını fəal dəstəkləyir. Uşaq-gənclər idman məktəbini, sonra Belarus Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib.
Andrey Filatov bildirib ki, uşaqlar arasında idmanın inkişafı dünya şahmat tacının Rusiyaya qaytarılmasına kömək edəcək. RŞF prezidenti deyib: "Rusiyada şahmatın indiyə qədər heç vaxt bu qədər büdcəsi, bu qədər uğurları olmayıb. Bizə isə yalnız bu qalır ki, dünya şahmat tacını yenidən ölkəmizə qaytaraq. Onda hər işimiz səhmana düşəcək. Bizim birinci vəzifəmiz uşaqlar arasında şahmatı inkişaf etdirmək, bu idman növünün populyarlığını artırmaqdır. Uşaqlar arasında yarışların əhatə dairəsi nə qədər geniş olsa, şahmat tacı bizə o qədər tez qayıdar. Statistikaya görə, indi ölkəmizdə təxminən 550 min nəfər həvəskar şahmatçı var, şahmat Rusiyada ən populyar idman növləri arasında ilk onluqda yer alıb. Hesab edirəm ki, əgər biz bu rəqəmi milyona çatdıra bilsək, bu, sanballı uğur olacaq”.
Qurultayda qrossmeyster Anatoli Karpov, Rusiya Olimpiya Komitəsinin (ROK) prezidenti Aleksandr Jukov, Xantı-Mansiysk Muxtar Mahalının qubernatoru Natalya Komarova, ROK-un icraçı direktorunun müavini Andrey Selivanov və Fransa-Rusiya Sənaye-Ticarət Palatasının baş direktoru Pavel Şinski Federasiyanın vitse-prezidentləri seçiliblər.