Avstraliyada təşkil olunmuş 2.1 kateqoriyalı "Herald Sun Tour” yarışının 3 mərhələsi artıq geridə qalıb. 116 km-dən ibarət 1-ci mərhələdə qaliblər fotofinişlə müəyyənləşib. Pelotondakı velosipedçilərdən 38 nəfərinin vaxt göstəricisi eyni olub - 3 saat, 4 dəqiqə, 12 saniyə. Onların arasında "Synergy Baku”nun üzvü, avstraliyalı Patrik Leyn də var. Fotofinişə əsasən, ABŞ-ın "Garmin-Sharp” komandasının avstraliyalı üzvü Natan Haas 1-ci, Patrik Leyn isə 27-ci olub. Komandamızın digər nümayəndəsi, Azərbaycanın U-23 yığmasının üzvü Tural İsgəndərov isə liderlərdən 2 dəqiqə, 26 saniyə geri qalmaqla 44-cü nəticə göstərib. 2-ci mərhələdə iştirakçılar 163 km məsafə qət ediblər. 16 komandanın iştirakı ilə təşkil olunmuş bu mərhələdə yerli "Orica GreenEDGE” komandasının üzvü Simon Klark 4 saat, 5 dəqiqə, 1 saniyə nəticə ilə finiş xəttini birinci keçib. Azərbaycanın "Synergy Baku” komandasının avstraliyalı üzvü Patrik Leyn liderdən 1 dəqiqə, 11 saniyə geri qalmaqla 4-19-cu yerləri bölüşüb. 2 mərhələdən sonra Patrik Leyn ümumi siyahıda 23-cü yerdə qərarlaşır: İndi onu birinci yerdən 1 dəqiqə, 32 saniyə ayırır. Qeyd edək ki, hazırda yay mövsümünün davam etdiyi Avstraliyada havanın hərarəti 40 dərəcəyə çatır və bu cür isti iştirakçılara əlavə çətinlik yaradır.
Avstraliyaya soyuq Bakıdan yollanan komandamızın üzvü Elçin Əsədov iqlim dəyişikliyi səbəbindən soyuqlasa da, 1-ci mərhələ ilə müqayisədə yarışın 2-ci turunda daha inamlı təsir bağışlayıb. Fevralın 8-də keçiriləcən 3-cü mərhələdə iştirakçılar 156 km məsafə qət ediblər. 16 komandanın iştirakı ilə təşkil olunmuş 3-cü mərhələ də bizim üçün kifayət qədər uğurlu alınıb. Belə ki, "Synergy Baku”nun 5 üzvü finiş xəttini liderlər qrupunda başa vurub. Pelotonun ön sıralarında gedən almaniyalı Daniel Klemme və Kristof Şvayzer, Azərbaycanın U-23 və "Elite” yığma komandalarının üzvləri Tural İsgəndərovla Elçin Əsədov və avstraliyalı Patrik Leyn finiş xəttinə eyni anda - 3 saat, 47 dəqiqə, 9 saniyəyə çatıblar. Yalnız fotofinişə əsasən Daniel Klemme komanda yoldaşlarını bir neçə mikrosaniyə qabaqlayıb və bu mərhələnin 5-si olub. Yeri gəlmişkən, mərhələ qalibi olan Avstraliyanın 23 yaşınadək velosipedçilərdən ibarət yığma komandasının üzvü Robert Con Makkarti də Klemme ilə eyni nəticəyə imza atıb və fotofinişin yekunlarına əsasən 1-ci yeri tutub. Ümumi siyahıda təmsilçilərimizdən ən yüksək göstərici hələ ki Patrik Leynə məxsusdur. O, liderdən 1 dəqiqə, 32 saniyə geri qalmaqla 23-cü pillədədir. Yarışın 3-cü mərhələsi həm də Daniel Klemmenin sprinterlər arasında 2 xal qazanması və ilk 5-liyə daxil olması ilə də yadda qalıb. Növbəti, 4-cü mərhələdə iştirakçılar 125 km məsafə qət edəcəklər.