Reykyavikdə mükafat qazanmaq mümkün olmadı

Reykyavikdə mükafat qazanmaq mümkün olmadı


Fevralın 19-da İslandiyanın paytaxtı Reykyavik şəhərində start götürən ənənəvi "Reykyavik Open-2013” Beynəlxalq şahmat turniri fevralın 27-də başa çatıb. Xatırladaq ki, ölkəmizi bu yarışda iki şahmatçımız - Gülnar Məmmədova (2369) və Türkan Məmmədyarova (2280) təmsil ediblər.

Yığma komandamızın üzvləri İslandiya yarışına qələbə ilə başlayıblar. Gülnar Məmmədova argentinalı Bauza Mersere Eduardonun (1809), Türkan Məmmədyarova isə ev sahibi Yon Ontiverosun (1700) xal qazanmasına mane olub. Növbəti turda hər iki xanım şahmatçımız eyni nəticə ilə yadda qalıblar. Gülnar Məmmədova əks cinsin nümayəndəsi, çexiyalı David Navara (2710) ilə xal bölgüsü aparıb. Türkan isə ukraynalı Mikaylo Oleksienkodan (2568) yarım xal alıb. 3-cü turda da təmsilçilərimiz ənənəyə sadiq qalıblar. Lakin onlar bu dəfə məğlubiyyətlə bir araya gəliblər. Belə ki, çinli Liren Dinq (2709) Gülnar Məmmədovanı, islandiyalı Hannes Stefansson (2496) Türkan Məmmədyarovanı məğlub edib. Növbəti turda Gülnar Məmmədova təşəbbüsü əldən verməyib. O, ev sahibi Qudlaug Torstensdottirə (2041) qalib gəlib. Həmkarı ilə daban-dabana irəliləyən Türkan isə almaniyalı Uolker Kuehnastın (1936) "şah”ını mat edib. Xanım şahmatçılarımız 5-ci turda fərqli nəticələrlə diqqət çəkiblər. Belə ki, bu turda Gülnar Məmmədova islandiyalı Saevar Byarnasonla (2133) heç-heçəyə razılaşıb. Almaniyalı Vinfred Leymeyster (1909) isə Türkan Məmmədyarovaya təslim olub.
6-cı turda da şahmatçılarımız xal itkisi ilə üzləşiblər. Türkan çinli Zonqyi Tana (2466) uduzub. Gülnar isə isveçli Ellinor Frisklə (2197) görüşdən yarım xalla ayrılıb. 7-ci turda da şahmatçılarımızın göstərdiyi nəticələr bir-birindən fərqlənib. Belə ki, Gülnar yerli şahmatçı Gilfi Torhallssona xal qazanmağa imkan verməyib. Danimarkalı Mads Andersen (2462) isə Türkan Məmmədyarovaya qalib gəlib. 8-ci turun görüşlərində Gülnar Məmmədova litvalı Aloyzas Kveynislə (2533) heç-heçə edib. Türkan Məmmədyarova isə Farer adalarından olan Yakup A.R Andreasenə (1992) qalib gəlib.
Sona iki tur qalmış şahmatçılarımızdan biri qələbəni əldən verib. Ukraynalı Mikaylo Oleksienko (2568) ilə görüşdə Gülnar "şahı"qurban verib. İslandiyalı Tinna Finnbogadottir (1871) isə Türkana müqavimət göstərə bilməyib. Son turda isə şahmatçılarımızın hər ikisi yerli rəqibləri ilə üz-üzə gəlib. Türkan Məmmədyarova (2280) Fridrik Olaffson (2416) xal bölgüsü aparıb. Gülnar isə Dadi Omarsson (2212) uduzmaqla yarışı məğlubiyyətlə başa vurub. Yekun nəticələrə görə, Türkan Məmmədyarova 6 xalla 67-ci yeri tutub. Gülnar Məmmədova isə 5 xalla 103-pillədə qərarlaşıb. Reykyavik yarışını qalibi adını isə ukraynalı Pavel Elyanov (2678) 8 xalla birinci yeri tutub.