Əvvəli Tarixə qısa nəzər: EYOF-da Azərbaycan izi adlı məqalədə
Paris-2003
2003-cü il iyulun 27-dən avqustun 3-dək Fransanın paytaxtı Parisdə VII Avropa Gənclər Olimpiya Festivalı keçirilib. 48 ölkədən 2500 idmançının mübarizə apardığı yarışlar 10 idman növü üzrə təşkil edilib. Azərbaycan idmançıları bu idman növlərinin 5-də (atletika, cüdo, üzgüçülük, velosiped idmanı və stolüstü tennis) mübarizə aparıblar. Komandamız festivalda 5 (2 gümüş, 3 bürünc) medala sahib çıxıb. Ölkəmiz medalların hamısını cüdo idman növündə əldə edib. Cüdoçularımızdan Nicat Şıxəlizadə (50 kq) və Anar Əliyev (81 kq) gümüş medala layiq görülüblər. Bürünc medallara isə Elşən Kərimov (60 kq), Seymur Rzayev (66 kq) və Teymur Əlixanov (73 kq) sahib çıxıblar. 39 dövlətin idmançılarının medal qazandığı festivalda komandamız 29-cu yeri tutub.
Linyano-2005
VIII Avropa Gənclər Olimpiya Festivalı 2005-ci il iyulun 3-9-da İtaliyanın Linyano şəhərində təşkil edilib. Yarışda 48 ölkənin atleti 11 idman növündə qüvvəsini sınayıb. Komandamız festivalda 5 idman növündə 12 idmançı ilə təmsil olunub. İdmançılarımız bu yarışda 6 medala (2 qızıl, 4 bürünc) sahib çıxıblar. Qızıl medallara cüdoçularımız Teymur Bağırlı (55 kq) və Zaur Bağırlı (60 kq) layiq görülüblər. Bürünc medalları isə komandamıza cüdo yarışlarında Samir Dadaşzadə (50 kq), Asəf Əliyev (73 kq), atletikanın 400 metr məsafəyə qaçış yarışlarında Pavel Setin, üçtəkanla tullanmada isə Ruslan Panatenko qazandırıb. Azərbaycan medal əldə edən ölkələrin komandaları sırasında 19-cu pillədə yer alıb. Keçmiş sovet ölkələri arasında isə ölkəmiz 7-ci yeri tutub. Millimiz bu yarışı Avropanın aparıcı komandalarından hesab edilən Fransa, Yunanıstan, Türkiyə, Çexiya və Norveç kimi idman ölkələrindən irəlidə başa vurub.
Belqrad-2007
2007-ci ilin iyulun 22-27-də Serbiyanın paytaxtı Belqrad şəhərində IX Avropa Gənclər Olimpiya Festivalı keçirilib. Festivalda Avropanın 49 ölkəsini təmsil edən 3000-dək idmançı 11 idman növündə mübarizə aparıb. Azərbaycan komandası yarışda 6 idman növündə (velosiped idmanı, atletika, tennis, stolüstü tennis, üzgüçülük, cüdo) 34 idmançı ilə təmsil olunub. Azərbaycan yığma komandası oyunlarda parlaq qələbəyə imza ataraq 7 qızıl medala sahib çıxıb. Bu medallardan 4-ü cüdo, 3-ü isə atletika yarışlarında qazanılıb. Cüdoçularımızdan Vüqar Şirinli (50 kq), Elsevər Bağırzadə (55 kq), Sərxan Əhmədov (60 kq) və Şahin Qəhrəmanov (90 kq) fəxri kürsünün birinci pilləsində qərarlaşıblar. Sərxan Əhmədov bu festivalda “ən yaxşı atlet” adına layiq görülüb.
Atletika yarışlarında Ramil Quliyev 100 və 200 metr məsafələrə qaçışda, Ənvər Zeynalzadə isə üçtəkanla tullanma yarışlarında qızıl medal qazanıb. Yığma komandamız bu nəticə ilə 49 dövlət arasında 6-cı olub.
Komandamız bu nəticə ilə Belçika, Rumıniya, Polşa, Fransa, Niderland, Macarıstan kimi güclü komandaları geridə qoyub.
Azər Əlizadə
Ardı var...