Yanvarın son günlərində Dünya Şahmat Bəstəçiliyi Federasiyasının (World Federation for Chess Composition) təşkilatçılığı ilə 10-cu beynəlxalq həlletmə yarışı (10th International Solving Contest) keçirildi. İldən ilə bütün dünyada populyarlıq qazanan bu yarış 26 yanvarda, 34 ölkədə eyni tapşırıqlarla və eyni vaxtda start götürdü. Təşkilatçı hakim kimi Makedoniyadan olan Qliqor və İvan Denkovski çıxış etdilər. Dünya üzrə yarışa 459 şahmatçı qatıldı.
1-ci təcrübəlilər kateqoriyasında 291, 2-ci təcrübəsizlər kateqoriyasında 168 nəfər öz qüvvəsini sınadı. İki mərhələdən ibarət olan yarışda təcrübəli həllçilərə, hər birində 6 məsələ olmaqla, 12 tapşırıq, təcrübəsiz həllçilərə isə, hər birində 4 məsələ olmaqla, 8 tapşırıq təqdim edildi. Hər mərhələdə həll üçün 2 saat, ümumilikdə isə 4 saat vaxt verildi.
Ölkəmizdə bu yarış 8-ci ildir ki, keçirilir. İlk dəfə olaraq, bu yarışa daha iki müsəlman dövləti - Türkiyə və Mərakeş də qatıldı. Ən çox iştirakçı Türkiyə (101 nəfər), Azərbaycan (39 nəfər) və Hindistandan (29 nəfər) oldu. Türkiyədə bu yarış ilk addımlarını atan şahmat bəstəçisi, İzmir Variant Şahmat Gənçlik və İdman klubu dərnəyinin rəhbəri Umut Saymanın təşkilatçılığı və Konak bələdiyyəsinin dəstəyi ilə keçirildi. Türkiyədə ilk dəfə həlletmə yarışının olmasına baxmayaraq, bu yarış bir çox ölkələr üçün örnək oldu və təşkilatçılığı ilə bütün dünyanın diqqətini çəkdi.
Artq bir neçə ildir ki, ölkəmizdə bu yarışın Sumqayıt Şahmat məktəbində keçirilməsi ənənə halını alıb. Yarışda 1-ci kateqoriyada 15 iştirakçı arasında qalib adını 60 mümkün xaldan 41,25 xal toplayan Ramil Cavadov (İsmayıllı) qazandı. 2-ci yeri 40,5 xalla beynəlxalq usta Misrətdin İskəndərov (Sumqayıt), 3-cü yeri isə 34,5 xalla Araz Alməmmədov (Qəbələ) qazandı.
Qadınlar arasında 1-ci yeri 18 xalla beynəlxalq usta Nərmin Kazımova (Bakı), 2-ci yeri 11 xalla beynəlxalq usta Səbinə İbrahimova (Gəncə), 3-cü yeri isə 5 xalla Aydan Hüseynzadə (Qəbələ) tutdu.
2-ci kateqoriyada 24 iştirakçı arasında qalib 14 yaşlı Sumqayıt şahmatçısı, 40 mümkün xaldan 33 xal toplayan, Ceyhun Hüseynzadə oldu. 2-ci 24 xalla Ramil Mustafayev (Sumqayıt), 3-cü isə 10,25 xalla Azər Abbasov (Şabran) oldu.
Qadınlar arasında 1-ci 16 xalla Vüsalə Quliyeva (Şabran), 2-ci 8,25 xalla Ləman Hüseynova(Sumqayıt), 3-cü isə 6 xalla Ləman Hacıyeva (Sumqayıt) oldu. Qaliblərə fəxri fərman, pul mükafatları və şahmat kitabları təqdim edildi.
Bütün dünya üzrə ilkin nəticələr ilə bu saytda tanış ola bilərsiniz:
1-ci kateqoriya:<http://www.matplus.net/isc.php?px=1391944674&f=r&g=0>
2-ci kateqoriya:<http://www.matplus.net/isc.php?px=1391945460&f=r&g=1>
10-cu Beynəlxalq Həlletmə yarışının (10th ISC) son nəticələri 10 Mart 2014-cü ildə Dünya Şahmat Bəstəçiliyi Federasiyasının (WFCC) rəsmi saytında təqdim ediləcək: <http://www.wfcc.ch>
İ. Əliyev (Sumqayıt)
beynəlxalq hakim, əməkdar məşqçi