Gürcüstan azərbaycanlılarının yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli şəhərindəki Gənclər Mərkəzində beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib. Turnirdə 56 gənc şahmatçı iştirak edib. Yarışda Eyvaz Bayramov birinci, Günay Kərimova ikinci, Ruslan Mustafayev isə üçüncü yeri tutub. Qaliblər diplom, medal və kuboklarla mükafatlandırılıblar. Tədbirdə Gürcüstan Şahmat Federasiyasının prezidenti Georgi Georqadze, Barış və Vətəndaş Bərabərliyi üzrə Gürcüstan Dövlət Nazirliyinin Kvemo Kartli-Borçalı bölgəsində nümayəndəsi Zaur Darğallı və başqa rəsmi şəxslər iştirak ediblər.
Gürcüstan Şahmat Federasiyasının prezidenti G.Georqadze istedadlı şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunmuş Marneuli turnirində iştirakından məmnunluğunu bildirərək deyib: "Təəssüf edirəm ki, Vüqar dünyadan vaxtsız köçdü. Belə bir istedadlı idmançının bu gün aramızda olmaması kədər doğurur”.
Federasiyanın prezidenti Gürcüstanın azərbaycanlı gəncləri arasında şahmata böyük marağın olduğunu bildirib. O, hazırda bu dərnəkdə məşğul olan gənc şahmatçıların sədalarının nəinki ölkə, həmçinin beynəlxalq turnirlərdən gələcəyinə əminliyini ifadə edib. Qeyd edək ki, bu ilin mayında 8, 12, 16 yaş qrupları arasında keçiriləcək şahmat üzrə Gürcüstan çempionatının təşkili ilə əlaqədar elan olunmuş tenderdə Marneuli Gənclər Mərkəzi qalib gəlib.
Tədbirin sonunda həmin çempiona
tın Marneulidə keçirilməsinə dair memorandum imzalanıb. Sənədi Gürcüstan Şahmat Federasiyasının prezidenti Georgi Georqadze və Marneuli Gənclər Mərkəzinin direktoru Rəna Nurməmmədova imzalayıblar.
... Gəncədə yad olunub
Ölkənin ikinci böyük şəhəri olan Gəncədə də beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş sürətli şahmat turniri keçirilib. Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin, uşaq-gənclər şahmat-dama məktəbinin birgə təşkil etdikləri turnirə 200-dən artıq məktəbli qatılıb. Turnirin açılış mərasimində dünya şöhrətli qrossmeysterin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra şahmat-dama məktəbinin direktoru, Əməkdar məşqçi Asif Həsənov çıxış edərək, sürətli şahmat üzrə dünya çempionunun keçirdiyi görüşlərdən, qazandığı uğurlardan danışıb. Daha sonra üç qrupda keçiriləcək turnirin şərtləri barədə iştirakçılara məlumat verilib.
FİDE qaydalarına uyğun olaraq İsveçrə sistemi üzrə keçirilən turnir 7 turdan ibarət olub. Qaliblərə diplom, medal və xatirə hədiyyələri təqdim olunub.