Çempionla oynamaq üçün mübarizə Topalovdan başladı

Çempionla oynamaq üçün mübarizə Topalovdan başladı


FİDE iddiaçıların martın 13-dən 31-dək Xantı-Mansiyskdə keçiriləcək turniri üçün püşkatmanın nəticələrini elan edib.
Püşkatmanın nəticələrinə görə, Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov 5 nömrə altında çıxış edəcək.
Qrossmeysterimizin ilk rəqibi 8 nömrə altında çıxış edəcək Veselin Topalov (Bolqarıstan) olacaq.
Püşkatmanın nəticələrinə görə Dmitri Andreykin - 1, Sergey Karyakin - 2 , Pyotr Svidler - 3, Vladimir Kramnik (hamısı - Rusiya) - 4, Vişvanatan Anand (Hindistan) - 6, Levon Aronyan (Ermənistan) isə 7 nömrə altında mübarizə aparacaq. Birinci və ikinci dairələrin ilk üç turunda birinci və ikinci dördlüklərdə yerləşən oyunçular partiyaları öz aralarında keçirəcəklər. Sonra isə (4-7 və 11-14-cü turlarda) Rusiya şahmatçıları yalnız digər ölkələrin oyunçuları ilə görüşəcəklər. İlk turda Dmitri Andreykin Vladimir Kramniklə, Sergey Karyakin Petr Svidlerlə, Vişvanatan Anand isə Levon Aronyanla üz-üzə gələcək.
Xatırladaq ki, səkkiz qrossmeyster dünya çempionu norveçli Maqnus Karlsen ilə mübarizə aparmaq hüququ uğrunda yarışacaq.
Turnirin mükafat fondu 600 min avrodur.