İranın Rəşt şəhərində keçirilən XII ənənəvi "Xəzər Open” beynəlxalq şahmat festivalına yekun vurulub. Turnir "A” (əmsalı 2100-dən yuxarı olanlar), "B” (əmsalı 2100-dən aşağı olanlar), "C” (qadınlar) və "D” (14 yaşınadək uşaqlar) qruplarından ibarət olaraq keçirilib.
Festivalın "A” qrupunda 106 şahmatçı (10 beynəlxalq qrossmeyster, 10 beynəlxalq usta və 13 FİDE ustası) iştirak edib. Ümumilikdə, 15 ölkədən 441 şahmatçının mübarizəyə apardığı yarışda ölkəmiz 58 idmançı ilə təmsil olunub.
"A” qrupunda 9 turluq marafonun finiş xəttinə qədər qalib adı uğrunda gərgin mübarizə davam edib. Sonuncu turda təmsilçimiz, beynəlxalq qrossmeyster Azər Mirzəyev İran şahmatçısı Xalil Seyid Musəvini məğlub etməklə aktivindəki xalların sayını 8-ə çatdıraraq turnirin qalibi adını qazanıb.
"C” qrupunun qalibi də aktivində 8 xalı olan şahmatçımız Səhər Hüseynova olub. İkinci pillədə isə 7 xalla Lalə Firudinli qərarlaşıb.
"D” qrupunda mübarizə aparan zəka sahiblərinin yarışında ən yaxşı nəticəni Rahim Əliyev göstərib. O, 8,5 xalla 3-5-ci yerləri bölüşdürsə də, əlavə göstəricilərinə görə 5-ci pillədə yer alıb.