Bakıda kamandan oxatma üzrə ölkə birinciliyi və çempionatı baş tutacaq.
Bu barədə Olimpnews.az-a Azərbaycan Kamandan Oxatma Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Turnirdə ölkənin müxtəlif bölgələrini təmsil edən 60-dan çox peşəkar idmançı çempionluq uğrunda mübarizə aparacaq. Yarışlar kişi və qadın idmançılar arasında üç yaş kateqoriyası üzrə keçiriləcək: 16 yaşadək yeniyetmələr (30 metr məsafə), 16–18 yaşlı gənclər (60 metr məsafə) və böyüklər (70 metr məsafə).
Üç gün davam edəcək çempionata avqustun 28-də saat 10:00-da Bayıl Stadionunda (ASKO Arena, Səbail rayonu) məşq sessiyaları ilə başlanılacaq. Avqustun 29-da sıralama atışları keçiriləcək. Turnirə 30 avqust tarixində 1/4 final mərhələsindən finaladək davam edəcək yarışlarla yekun vurulacaq. Günün sonunda qaliblərin mükafatlandırma mərasimi təşkil olunacaq.
Qeyd edək ki, turnir 28–30 avqust tarixlərində keçiriləcək.