2014-cü il turlarında uğurlu start
Azərbaycanın ilk peşəkar velosiped komandası "Synergy Baku” 2014-cü ilin Avropa turlarına start verib. Komandamızın üzvləri Sloveniyada keçirilən Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 1.2 kateqoriyalı birgünlük "İzola” Qran-Prisində mübarizə aparıblar.
Heyətdəki 5 velosipedçidən komandanın debütantı, avsrtiyalı Markus Eybegerin çıxışı daha uğurlu alınıb. Məşqçilərin də əvvəlcədən planlaşdırdığı kimi, kollektivin digər üzvləri məhz Eybegerin öndə getməsi üçün çalışıblar və o bu imkandan istifadə edərək 142 km-lik yarışı liderlər qrupunda başa vurub.
Markus Eybeger finiş xəttini 3 saat, 43 dəqiqə, 1 saniyəyə keçən pelotonun içərisində olub və fotofinişə əsasən 20-ci yerlə kifayətlənib. Ümumilikdə isə yarışda 118 velosipedçi iştirak edib.
Malayziyada Beynəlxalq Velosipedçilər Ittifaqının 2.HC kateqoriyalı "Tour of Langkawi” yarışı da Azərbaycanın "Synergy Baku” komandası üçün uğurla başlayıb. Belə ki, 101 km-dən ibarət ilk mərhələdə komandamızın irlandiyalı üzvü Metyu Bremmier 2 saat, 21 dəqiqə, 51 saniyə göstərici ilə finiş xəttini 2-ci keçib və fəxri kürsüdə yer alıb.
O həmçinin dağ mərhələsində hamıdan yaxşı çıxış etməklə qırmızı maykanı da ələ keçirib. İlk mərhələnin qalibi isə "Colombia” komandasının üzvü Duber Kointero olub - 2 saat, 21 dəqiqə, 40 saniyə.
"Synergy Baku”nun almaniyalı velosipedçisi Maykl Şvayzer, həmvətənlərimiz Elçin Əsədovla Tural İsgəndərov və avstraliyalı Patrik Leyn isə liderə 18 saniyə uduzmaqla finiş xəttini eyni anda keçiblər. Velosipedçilərimizin uğurlu çııxışı "Synergy Baku”nun komanda hesabında 2-ci yerdə qərarlaşmasına şərait yaradıb.
2-ci mərhələdə iştirakçılar 132.5 km məsafə qət etməlidirlər. Qeyd edək ki, yarışda 6 Dünya Turu, 5 Pro Kontinental, 7 Kontinental və 3 milli komanda mübarizə aparır. 10 gün davam edəcək yürüşə martın 7-də yekun vurulacaq.