Fevralın 23-24-də Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Cüdo Federasiyasının təşkilatçılığı ilə Şağan Olimpiya İdman Kompleksində iki dəfə Sovet İttifaqı Qəhrəmanı general-mayor Həzi Aslanovun xatirəsinə həsr olunmuş cüdo üzrə 36-cı beynəlxalq turnir keçirilib.
Yarışda Azərbaycan idmançıları ilə yanaşı, Türkiyə, Rusiya, Gürcüstan və Qırğızıstan təmsilçiləri də bacarıqlarını nümayiş etdiriblər. Turnir iştirakçıları 36 kq, 40 kq, 44 kq, 46 kq, 48 kq, 50 kq, 52 kq, 55 kq, 57 kq, 60 kq, 63 kq, 66 kq, 70 kq, +70 kq, 73 kq, 81 kq, 90 kq, +90 kq çəki dərəcələri üzrə qüvvələrini sınayıblar. Tədbirin keçirilməsində əsas məqsəd xalqımızın qəhrəman igidlərindən olan general-mayor Həzi Aslanovun xatirəsinin əbədiləşdirilməsi, cüdo idman növünün təbliğ olunması, yeniyetmələrin idman ustalığının artırılması, əcnəbi ölkələrin təmsilçiləri ilə dostluq və idman əlaqələrinin möhkəmləndirilməsi və ən güclü idmançıların aşkar edilməsidir.
Fevralın 23-də saat 16-da turnirin təntənəli açılış mərasimi olub.Azərbaycanın dövlət himni səsləndirildikdən sonra iştirakçı ölkələrin bayraqları yarış meydançasına gətirilib. Mərasimdə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Müdafiə Nazirliyinin Tərbiyə İşləri İdarəsinin rəis müavini, Əməkdar incəsənət xadimi polkovnik Abdulla Qurbani və iki dəfə Sovet ittifaqı qəhrəmanı general-mayor Həzi Aslanovun nəvəsi Elçin Aslanov çıxış ediblər. Onlar respublikamızda digər sahələrdə kimi idmana da dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söhbət açıblar. Çıxış edənlər əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan idman siyasətinin Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildiriblər. Qeyd olunub ki, son illər respublikamızda ayrı-ayrı idman növləri üzrə mötəbər yarışlar yüksək səviyyədə təşkil edilib, idmançılarımız beynəlxalq yarışlarda mükafatalayiq yerlər tutublar, qazanılan nailiyyətlər Azərbaycanı dünyada idman ölkəsi kimi tanıdıb.
Tədbir konsert proqramı ilə davam edib. Sonra turnir iştirakçıları müxtəlif çəki dərəcələri üzrə qüvvələrini sınayıblar. Xatirə turnirində fərqlənənlər təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıblar.