Malaziyada Beynəlxalq Velosipedçilər Ittifaqının (UCİ) 2.HC kateqoriyalı çoxgünlük "Langkawi” turu davam edir. Velosipedçilər artıq yarışın 5 mərhələsini geridə qoyublar. Turun ilk mərhələsi barədə qəzetimizin ötən sayında məlumat vermişdik. Martın 2-də keçirilən 2-ci mərhələdə iştirakçılar 132.5 km məsafə qət ediblər. Yürüşdə iştirak edən "Synergy Baku” komandasının üzvlərindən ən yaxşı göstərici irlandiyalı Metyu Bremmierə məxsusdur. İlk mərhələdə 2-ci olan velosipedçimiz bu dəfə fotofinişə əsasən 8-ci yeri tutub. O, mərhələ qalibi, Belçikanın "Belkin-Pro Cycling Team” komandasının hollandiyalı üzvü Teo Bosla eyni nəticəyə imza atıb - 3 saat, 11 dəqiqə, 11 saniyə. Diqqət çəkən məqam komandamızın digər üzvləri Daniel Klemme, Patrik Leyn, Tural İsgəndərov, Elçin Əsədov və Maykl Şvayzerin də eyni nəticəyə imza atmalarıdır ki, onlar da fotofinişə əsasən sonrakı yerləri bölüşüblər.
3-cü mərhələdə iştirakçılar Kampardan Kuala-Lumpura qədər olan 166.5 km məsafəni qət ediblər.
Yürüşdə iştirak edən "Synergy Baku” komandasının üzvlərindən ən yaxşı göstərici almaniyalı Daniel Klemmeyə məxsusdur. O, mərhələ qalibi, Qazaxıstanın "Astana Pro Team” komandasının italiyalı üzvü Andrea Quardini ilə eyni göstəriciyə (3 saat, 40 dəqiqə, 38 saniyə) malik olsa da, fotofinişə əsasən 8-ci yerlə kifayətlənib.
Komandamızın digər velosipedçiləri - Azərbaycanın U-23 və Elit millisinin üzvləri Tural İsgəndərovla Elçin Əsədov, avstraliyalı Patrik Leyn, irlandiyalı Metyu Bremmier və digər almaniyalı Maykl Şvayzer də finişi eyni anda keçən pelotonun içərisində olublar. Bu nəticə "Synergy Baku”nun 3 mərhələdən sonra komanda hesabında 2-ci olması ilə yadda qalıb. Turun 3-cü mərhələsində "Synergy Baku”nun üzvü Metyu Bremmier bu mərhələdə sprinterlər arasında göstəricisini xeyli yaxşılaşdırmaqla liderliyi və "mavi mayka”nı ələ keçirib. Bremmier dağ mərhələsində nümayiş etdirdiyi çıxışla "qırmızı mayka”nı da özündə saxlayır. Keçirilən 5-ci mərhələdə iştirakçılar 139.5 km məsafə qət ediblər. Yürüşdə iştirak edən "Synergy Baku” komandasının üzvlərindən ən yaxşı göstərici almaniyalı Daniel Klemmeyə məxsusdur. O, mərhələ qalibindən 1 dəqiqə, 15 saniyə geri qalmaqla 10-cu nəticə göstərib - 3 saat 4 dəqiqə, 43 saniyə.
Azərbaycanın U-23 komandasının üzvü Tural İsgəndərov, avstraliyalı Patrik Leyn və irlandiyalı Metyu Bremmierin də göstəricisi eyni olub. Amma onlar fotofinişə əsasən nisbətən aşağı yerdə qərarlaşıblar.
5 mərhələdən sonra Metyu Bremmier dağ mərhələsində əldə etdiyi üstünlüyə görə "qırmızı mayka”nı özündə saxlayır. Sabah keçiriləcək 6-cı mərhələdə iştirakçılar 199.9 km məsafəni qət etməlidirlər. Qeyd edək ki, yarışda 6 Dünya Turu, 5 Pro Kontinental, 7 Kontinental və 3 milli komanda mübarizə aparır. 10 gün davam edəcək yürüşə martın 7-də yekun vurulacaq.