"Cahan İdman Klubu” İçtimai Birliyinin təşkilatçılığı ilə martın 2-də Xocalı soyqırımına həsr olunmuş cüdo üzrə turnir keçirilib. Yarış Bakıxanov qəsəbəsində yerləşən "Şahin” İdman Kompleksində olub.
Turniri giriş sözü açan birliyin sədri Elçin Eyvazov yarışda 50-yə yaxın idmançının iştirak etdiyini bildirib və onlara uğurlar arzulayıb. Daha sonra birliyin sədr müavini Nizami Zeynalov çıxış edərək Xocalı soyqırımı barədə məlumat verib. Qeyd edilib ki, gənclər xalqımızın başına gətirilən sorqırımları heç vaxt unutmamalıdırlar. Yarışın baş hakimi Müşviq İmanquliyev də turnirin əhəmiyyətini vurğulayıb.
Qeyd edək ki, yarışda 2007-2008-ci illər təvəllüdlü idmançılar arasında Emin Hüseyinli (18 kq), Ceyhun Mirzəxanov (21 kq), 2005-2006-çı illər təvəllüdlülər arasında Əfqan Həsənli (27 kq), Ümid Adilli (34 kq), 2003-2004-cü illər təvəllüdlü idmançılar arasında Rəvan Ələkbərov (30 kq), Riad Məmmədov (+ 50 kq) üstün olublar. 2000-2002-ci illər təvəllüdlülər arasında Nurlan Rəcəbzadə (30 kq), Vüsal Sadıqov (-38 kq), Rəşid Məhərrəmov (-42 kq), Rinad Novruzlu (+50 kq) birinci yerə layiq görülüblər.
Turnirin qalibləri "Cahan İdman Klubu” İçtimai Birliyinin rəhbərliyi tərəfindən mükafatlandırılıblar.