Meksikanın Qvadalaxara şəhərində keçirilən cüdo üzrə Qran-Pri turnirinə yekun vurulub.
Olimpnews.az xəbər verir ki, 33 ölkədən 231 (142 kişi, 89 qadın) cüdoçunun iştirak etdiyi yarışda Azərbaycan komandası 11 kişi idmançı ilə təmsil olunub.
Komandamız Qran-Prini 6 qızıl, 3 bürünc medalla tamamlayaraq rekord nəticəyə imza atıb. Millimizin heyətində Balabəy Ağayev (-60 kq), Ruslan Paşayev (-66 kq), Hidayət Heydərov (-73 kq), Vüsal Qələndərzadə (-81 kq), Zelim Kotsoyev (-100 kq) və Uşanqi Kokauri (+100 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb. Bürünc medalları isə komandamızın aktivinə Əhməd Yusifov (-60 kq), Rəşid Məmmədəliyev (-73 kq) və Murad Fətiyev (-90 kq) yazdırıb. Zelim Tçkayev (-81 kq) isə Qran-Prini beşinci pillədə başa vurub.
Yarışı 9 medalla tamamlayan komandamız bu nəticə ilə ümumi komanda hesabında birinci yeri tutub.
Turnirdən sonra Beynəlxalq Cüdo Federasiyası (İJF) sosial şəbəkə hesabında komandamızla bağlı paylaşım edib. Paylaşımda Azərbaycan cüdoçularının Meksikanın Qvadalaxara şəhərində təşkil olunan Qran-Pridə bütün rekordları qırması ilə bağlı xəbər yer alıb.
Azərbaycan cüdoçularından Qran-Pridə rekord nəticə
