Gürcüstanın Marneuli şəhərində keçirilən cüdo üzrə beynəlxalq turnirdə Azərbaycan, Gürcüstan və Rusiya cüdoçuları 12 çəki dərəcəsi üzrə mükafat uğrunda mübarizə aparıblar.
2001-2003 və 2004-2006-cı illər təvəllüdlü cüdoçuların yarışında Mingəçevir şəhərini 8 idmançı təmsil edib. Yarışda iştirak edən erməni cüdoçular isə Gürcüstan komandasının tərkibində çıxış ediblər.
Beynəlxalq turnirdə Mingəçevirin 4 idmançısı - Nurlan Atakişiyev (27 kq), Mirağa Səlimov (34 kq), Asif Məmmədli (38 kq) və Behrut Behzadi (60 kq) yarımfinal və final görüşlərində ermənilərlə qarşılaşaraq, qələbə qazanıblar.
Mingəçevirin yeniyetmə cüdoçuları bu günədək Antalya, Dərbənd, Nalçik, Təbriz, Kutaisi şəhərlərində keçirilən beynəlxalq turnirlərdə də uğurla çıxış edərək vətənə medalla dönüblər.