Futbol üzrə UEFA Çempionlar Liqasının Liqa mərhələsində III turun oyunlarına start verilib.
Olimpnews.az xəbər verir ki, turun ilk oyun günündə 9 qarşılaşma təşkil olunub. Günün iki oyunu saat 20:45-də, digər yeddi oyunu isə 23:00-da baş tutub. “Barselona” klubu İspaniyada Yunanıstanın “Olimpiakos” klubunu 6:1 hesabı ilə məğlub edib. Eyni saatda start götürən “Kayrat” (Qazaxıstan) - “Pafos” (Kipr) oyununda isə hesab açılmayıb. İngiltərə "Arsenal"ı Londonda Madrid "Atletiko"sunu böyük hesabla məğlub edib -4:0. “Napoli” (İtalya) isə Niderland səfərində PSV-yə 6:2 hesabı ilə məğlub olub. Gecənin digər məhsuldar oyunu Almaniyada baş tutub. Son çempion PSJ “Bayer 04”ə 7:2 hesabı ilə qalib gəlib. Almaniyanın digər təmsilçisi “Borussiya Dortmund” isə ötən tur “Qarabağ”ın məğlub etdiyi “Kopenhagen”i (Danimarka) səfərdə məğlub edib -2:4. Çempionlar Liqasının son finalçısı “İnter” (İtalya) Belçikada “Yunion”un qapısından dörd cavabsız top keçirib. “Qarabağ”ın ilk turda məğlub etdiyi Portuqaliya “Benfika”sı isə bu dəfə İngiltərədə “Nyukasl”a 3:0 hesabı ilə uduzub. Gecənin digər maraqla gözlənilən oyunlarından biri İspaniyada baş tutub. “Vilyarreal” klubu İngiltərənin “Mançester Siti” klubuna 0:2 hesabı ilə məğlub olub.
Turun digər 9 qarşılaşması bu gün təşkil olunacaq.
Çempionlar Liqası: Liqa mərhələsində üçüncü tura start verildi
