Futbol UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turuna yekun vurulub.
Olimpnews.az xəbər verir ki, turun son oyun günündə daha 9 qarşılaşma təşkil olunub. Azərbaycanın turnirdəki yeganə təmsilçisi “Qarabağ” İspaniya səfərində Bilbao “Atletik”inin qonağı olub. Oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Eyni saatda keçirilən “Qalatasaray” - "Budyo Qlimt" (Norveç) oyununda da 3:1 hesablı nəticə qeydə alınıb. İstanbul təmsilçisi doğma divarlar arasında qələbə qazanaraq rəqibini əliboş yola salıb. “Qarabağ”ın digər rəqiblərinin - "Çelsi" və "Ayaks" komandalarının mübarizəsində London təmsilçisi 5:1 hesablı qələbəyə sevinib. Ağdam təmsilçisinin digər rəqibi İngiltərə "Liverpul"u isə Almaniyada "Ayntraxt"ı darmadağın edib -1:5. Günün maraqla gözlənilən digər oyununda Madrid “Real”ı İtalyanın “Yuventus” klubunu minimal hesabla məğlub edib -1:0. Almaniya nəhəngi "Bavariya" doğma meydanda Belçikanın "Brügge" klubunu 4:0 hesabı ilə məğlub edib. Portuqaliyanın “Sportinq” komandası isə Fransanın “Marsel” klubuna minimal hesabla qalib gəlib. "Atalanta" (İtaliya) - "Slaviya" (Çexiya) və "Monako" (Fransa) - "Tottenhem" (İngiltərə) oyunlarında isə qapılara top vurulmayıb.
Çempionlar Liqası: Liqa mərhələsində III tura yekun vuruldu

