Azərbaycanın ilk peşəkar velosiped komandası "Synergy Baku” 2014-cü ilin təqvim planına əsasən, Avropa və Asiya turlarında iştirakını davam etdirir. Velosipedçilərimiz bu dəfə Xorvatiya və Tayvan yollarında yarışırlar.
5 günlük Tayvan turu (9-13 mart) Beynəlxalq Velosipedçilər Ittifaqının 2.1 kateqoriyasına aiddir. Yürüşdə "Synergy Baku”nu Markus Eybeger, Kristof Şvayzer, Yan Sokol, Samir Cəbrayılov və Aqşin Ismayılov təmsil edir. 5 gün ərzində iştirakçılar 733 km məsafə qət edəcəklər.
Martın 9-da Xorvatiyada keçirilən Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı birgünlük "Porec Trophy” yuruşu Azərbaycanın "Synergy Baku” komandası üçün möhtəşəm nailiyyətlə yadda qalıb. Belə ki, 149 km məsafəyə mübarizədə "Synergy Baku”nun velosipedçisi Maksim Averin yeni komandasının heyətində debüt yürüşündə 3 saat, 32 dəqiqə, 22 saniyə nəticə göstərərək finişi birinci keçib və yarışın qalibi adını qazanıb.
Qeyd edək ki, Maksim Averin bir zamanlar SSRİ-nin olimpiya yığmasının şərəfini qorumuş, 1978-ci il dünya veloyürüşünün qalibi, SSRI-nin əməkdar idman ustası, 1976-cı il Monreal olimpiadasının iştirakçısı, 6 dəfə SSRI çempionu və kubokun qalibi, həmvətənimiz Aleksandr Averinin oğludur. Hazırda Ukraynada yaşayan Aleksandr Averin 1954-cü il, aprelin 11-də Bakıda anadan olub və velosiped idmanının sirlərinə də məhz Bakıda yiyələnib. Onun oğlu, ötən il Isveçrənin "Atlas-Personal-Jakroo” Kontinental komandasının şərəfini qoruyan Maksim Averin isə bu ildən etibarən "Synergy Baku” komandasına qoşulub və iştirak etdiyi ilk yarışdaca ona göstərilən etimadı doğruldub. Yeri gəlmişkən, velosipedçi uğur qazandığı Xorvatiyaya məhz Bakıdan yollanıb. Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətinə verdiyi müsahibədə "mən çox xoşbəxtəm” - deyən Maksim Averin həyatında ilk dəfədir ki, ilin birinci yürüşündəcə qələbə qazandığını deyib. "Öz tarixi vətənim olan Azərbaycanın "Synergy Baku” komandasının şərəfini qoruduğum üçün çox şadam. Mənə göstərilən etimada görə hamıya təşəkkür edirəm”, - deyə velosipedçi bildirib.
Azərbaycan Velosiped Idmanı Federasiyasının baş katibi Fərhad Əliyev komanda üzvlərimizin 2014-cü ildəki yarışlarda uğurlu startını kollektivdə daxili ab-havanın yüksək olması və düzgün qış hazırlığı ilə əlaqələndirib: "Hazırda "Synergy Baku”da olduqca mehriban kollektiv formalaşıb və hamı uğur qazanmaq üçün bir-birinə əlindən gələn köməkliyi edir. Yeni üzvlərin düzgün seçimi və federasiya rəhbərliyi tərəfindən komandaya yaradılan yüksək şərait "Synergy Baku”nu daha da gücləndirib. Langkavidə ən yaxşı dağ velosipedçisi kimi "qırmızı mayka” qazanmış Metyu Bremmier və Xorvatiyada fəxri kürsünün ən yüksək pilləsinə qalxmış Maksim Averin komandamızın yeni üzvləridir. Onların əldə etdiyi nailiyyətlər isə seçimin düzgün aparılmasını sübut edir” - deyən Fərhad Əliyev "Synergy Baku”nun daha böyük uğurlara imza atacağına inandığını bildirib.
Tayvan turunun 1-ci mərhələsində iştirakçılar paytaxt Taybey küçələri ilə 52 km məsafə qət ediblər. "Synergy Baku” üzvlərinin hamısı finişi liderlə eyni vaxtda keçsələr də, fotofinişə əsasən Kristof Şvayzer 10-cu, Azərbaycanın U-23 komandasının üzvü Samir Cəbrayılov 12-ci, Yan Sokol 13-cü, Azərbaycanın Elit yığma komandasının şərəfini qoruyan Aqşin İsmayılov 28-ci, Markus Eybeger isə 45-ci olub.
Komanda üzvlərimizin bu nəticəsi "Synergy Baku”nun ümumi sıralanmada 20 kollektiv arasında 1-ci olmasına şərait yaradıb.
Martın 11-də keçirilən 3-cü mərhələdə iştirakçılar 143 km məsafə qət ediblər. Komanda üzvlərimizdən ən yüksək nəticəni alman Kristof Şvayzer göstərib - o finiş xəttini 3 saat, 15 dəqiqə, 14 saniyəyə keçib və fotofinişə əsasən 2-ci olub. Avstriyalı Markus Eybeger 6 saniyə geri qalmaqla 15-ci, Azərbaycanın Elit yığma komandasının üzvü Aqşin İsmayılov 21 saniyə uduzmaqla 46-cı nəticə göstərib.
Yürüşün 4-cü mərhələsində iştirakçılar 161 km məsafə qət ediblər. Komanda üzvlərimizdən ən yüksək nəticəni Markus Eybeger göstərib - o liderdən 2 saniyə geri qalmaqla 3 saat, 48 dəqiqə, 29 saniyə göstərici ilə 6-cı yeri tutub. 4 mərhələdən sonra ümumi sıralanmada Eybeger 6-cı yerdə qərarlaşır - o liderə 11 saniyə uduzur. Komanda hesabında "Synergy Baku” yürüşün 20 iştirakçısı arasında 10-cu mövqedə qərarlaşır. Dünən keçirilən sonuncu, 5-ci mərhələdə iştirakçılar 168 km məsafə qət ediblər və bununla da "Tayvan turu”başa çatıb. Komanda üzvlərimizdən 4 nəfər - Kristof Şvayzer, Yan Sokol, Markus Eybeger və Aqşin İsmayılov finiş xəttini eyni vaxtda (3 saat, 55 dəqiqə, 27 saniyə) keçən pelotonun içərisində olublar. Fotofinişə əsasən Şvayzer 6-cı, Sokol 12-ci, Eybeger 22-ci, İsmayılov isə 33-cü nəticə göstərib. Samir Cəbrayılov komanda yoldaşlarından 13 saniyə geri qalıb. Bu nəticə ilə "Synergy Baku” 5-ci mərhələdə 20 komanda arasında 2-ci olub.
5 mərhələnin yekununa əsasən, təmsilçilərimiz arasında ən yüksək göstəriciyə Makrus Eybeger imza atıb - o yürüş qalibinə cəmi 11 saniyə uduzmaqla 6-cı yeri tutub. Komanda hesabında isə "Synergy Baku” yürüşün 20 iştirakçısı arasında 10-cu yeri tutub.